Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Böyrək kistası – kista

(Böyrək kistası-böyrək xəstəlikləri)

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Bildiyimiz kimi böyrəklər həyati vacib orqandır, yəni onlarsız orqanizmin saglamlığı mümkün düyil. Böyrək kistası onun normal funksiyasını pozar və insan saglamlığına ciddi zərər verər.
    Kista içərisi maye ilə dolu nazik divarlı törəmədir. Kistalar əksər hallarda xoşxassəlidir. Şarın içərisini maye ilə doldursaq börək kistasını xatırladar. İçərisindəki maye kistanın divarları tərəfindən ifraz olunur. Xəstəlik proqressivləşdikcə mayenin hazırlanması artır və kista daima böyüyür. Böyüdükcə isə böyrək toxumasını sıxır və onun funksiyasını pozur.

     

    Böyrək sancısı

     

    Böyrək kistası – yaranma səbəbləri

    Kistalar anadangəlmə ( 5 % ), irsi ( genetik ) və qazanılma olur. Digər bir nöqteyi nəzərdən birtərəfli, ikitərəfli həmçinin sadə ( solitar kista ) və parazitar kistalar ayırd edilir. Qazanılma kistaların əsas səbəbi böyrəkdə uzunmüddətli iltihabı xəstəliklər, soyuqdəymə, travmalardır. Yaş artdıqca kistalar daha çox rast gəlinir. Sadə kistalar böyrək kanalcıqlarından əmələ gəlir. Belə ki, kanalcıqların divarını örtən eiteli hüceyrələri hər hansı səbəbdən ( əsasən iltihab ) böyüyərək kanalcığın mənfəzini daraldır və sidiyin kanalcıqla axmasına mane olur. Nəticədə isə kanalcıq genişlənir və kistanın yaranması ilə nəticələnir. Kista elə bir ölçüyə çatır ki, sonradan böyrəyin özünə təzyiq edir.
    Parazitar kistalar heyvanlardan insana keçə bilən bəzi parazitlərin qanla müxtəlif orqanlara yayılaraq orada yerləşməsidir.

    Məsələn exinikok adlanan parazit it və pişikdən insana asanlıqla yoluxur. Yoluxma fekal – oral yolla olur, yəni heyvanın nəcisi ilə çirklənmiş tüklərini sığalladıqda yumurtaları insanın əlinə, oradan da ağzına və həzm sisteminə düşür. Həzm sistemindən isə bağırsaq divarına, oradan da qana keçərək müxtəlif oqanlara yayılır. Exinikok kistaları əsasən qaraciyərdə, qismən az isə ağciyər, beyin və böyrəkdə olur. Müalicəsi cərrahi yolladır.

     

    Böyrək kistası – müayinəsi

    Böyrək kistalarını ən çox aşkarlayan müayinə metodu usm – dir. Yarıdan çox hallarda kistalar təsadüfi müayinə zamanı aşkarlanır. Hər dəfə böyrəyində kista olan xəstəni müayinə edərkən bu üç sualı özüm üçün aydınlaşdırmağa çalışıram.

    1. Kista parazitar kistadır ya yox ?

    2. Kistada bədləşmə varmı ?

    3. Əməliyyat etmək lazımdırmı ?

    Əgər kista kiçikdirsə, sadə kistadırsa, böyrək funksiyasını pozmursa və xəstəni narahat etmirsə deməli əməliyyata tələsmək lazım deyil. Nəzarətdə qalmalıdır. Qalan bütün hallarda böyrək kistası əməliyyat oluna bilər. Yuxarıdakı suallara cavab tapmaq üçün xəstənın müayinə planını tərtib edirik.

    – qanın biokimyəvi analizində böyrək funksiyasının pozulmasını göstərən iki əsas göstərici – kreatinin və sidik cövhəri yoxlanılır.

    – qanın immunoloji analizi kistanın parazitar xarakterli olmasını müəyyən etmək üçün parazitlərin insan orqanizminə düşdükdən sonra insan orqanizmində o parazitin zülalına qarşı yaranan zülalların ( antitellərin ) müayinəsi aparılır. Əgər bədəndə exinikok varsa, biz qan müayinəsində exinikoka qarşı əmələ gələn zülalı təyin etməklə dolayı yolla bədəndə exinikokun olması haqqında məlumat almış oluruq. Düzdür ola bilər ki, insanda exinikok olduğu halda həmçinin böyrəkdə sadə kista olsun. Yaxud qaraciyərdə exinikok kistası olduğu halda böyrəkdə sadə kista ola bilər. Bütün bu müayinələr hər bir pasientə fərdi yanaşma və ciddi interpretasiya tələb edir. Ona görə də həkimin çox ciddi kliniki manevr qabiliyyəti zəruridir.

     

    USM – ( Böyrək kistası – böyrək xəstəlikləri )

    USM kistaların diaqnostikasında əsas müayinə metodu olaraq qalır. Nəinki kistanı aşkarlayır, hətta aşağıdakı bir sıra əlamətləri də müəyyən edə bilir.

    • Böyrək damarlarına, böyrək ləyəninə, sidik axarına təzyiq edib – etməməsini
    • Kistanın daxilində arakəsmə olub – olmaması
    • Divarında qalınlaşma, qeyri hamarlıq, daxilində qan dövranı olub – olmaması
    • Möhtəviyyatının xarakterini müəyyən etməyə imkan verir.
    • Həmçinin punksiyanın aparılmasının mümkünlüyü barədə, kistanın parazitar, sadə olması yaxud bədləşmə xüsusiyyətləri barədə dolğun informasiya verir.

    KT ( kompüter tomoqrafiya )

    Kontrastlı KT müayinəsi böyrək kistalarında ilk növbədə müalicə taktikasının seçilməsi üçün mütləq olan müayinə mütodudur. Həmçinin kontrast maddənin böyrəklərdən süzülməsini görməklə böyrək funsiyası haqqında məlumat almış oluruq. Və nəhayət kistanın bədləşməsini yüksək dəqiqliklə müəyən etməyə imkan verir.

     

    Böyrək kistasını hansı xəstəliklərdən fərqləndirmək lazımdır ?

    1. Böyrəyin absesi ( böyrəyin irinli iltihabı )

    2. Böyrək xərçəngi

    3. Hidronefroz ( böyrək ləyəninin genişlənməsi )

    4. Vilms şişi ( uşaqlarda rast gəlinən böyrək şişi )

     

    Böyrək kistası – əlamətləri

    Böyrək kistası demək olar ki, əlamətsiz keçən xəstəlikdir. Əksər hallarda təsadüfən usm ( uzi ) müayinəsində aşkarlanır. Yalnız kista üçün xarakter əlamət və ağrılar yoxdur. Ola bilər ki, bel nahiyyəsində küt ağrı və ağırlıq hissi olsun, ola da bilər olmasın. Kimdə olmur ki, bel ağrıları? İnsan var ki, illərlə bel ağrısından müalicə alır.

    Hər bir insan ömründə heç olmasa bir dəfə bel ağrısı hiss edir. Yaxud da arterial təzyiqi yüksəlir, hər hansı bir tableti qəbul edir təzyiq normallaşır və özünü yaxşı hiss edir. Əlavə müayinə olunaraq yüksək təzyiqin səbəbini axtarmağa ehtiyac görmür. Müəyyən müddət keçdikdən sonra bu tabletlər kömək etmir və yüksək təzyiq müalicəyə tabe olmur. Məhz ultrasəs ( USM ) müayinəsində məlum olur ki, böyrəkdə böyük kista var və artıq böyrəyi çox ciddi zədələyib, sıradan çıxartmaq üzrədir. Belə ki, kista böyüdükcə böyrək toxumasını sıxır və zamanla onun funksiyasının itirilməsinə gətirib çıxarır.

    Həmçinin kistanın əlamətləri onun yerləşməsindən də asılıdır. Belə ki, böyrəyin yuxarı və aşağı qütblərindəki kistalara nisbətən böyrək qapısında yerləşən kistalar daha qabarıq əlamətlərlə müşaiyət olunur. Böyrək qapısı dedikdə böyrəyin əsas damarlarının və böyrək ləyəni yerləşdiyi hissə nəzərdə tutulur. Çünki kista bu hissədə yerləşdikdə böyrək damarlarını və böyrək ləyənini, yaxud sidik axarını daha çox sıxır. Nəticədə isə həm arterial təzyiq daha yüksək olur, həm də böyrək ləyəni daha çox deformasiya olunur ki, sidik ləyəndə ləgiyir, böyrək ləyəni genişlənir. Vaxtında olunmuş müdaxilə ( kistanın aspirasion boşaldılması yaxud ləğvi əməliyyatı ) böyrəyi xilas edilir.

    Təsadüfən müayinə zamanı böyrəyində kista aşkarlanan pasientləri bəxti gətirən insan hesab etmək olarmı? Bəli olar. Çünki, onlarda kista aşkarlansa da, bu əksər hallarda ağırlaşmamış kistadır.

     

    Böyrək kistası ən çox rast gəlinən əlamətləri

    1. Bel nahiyyəsində daimi xarakterli küt ağrılar, ağırlıq, sallanma hissi, sanki daxildən nə isə təzyiq edir. Döyəcləmə zamanı bu narahatlıq bir az da artır.

    2. Kista çox böyük olduqda və böyrəyin aşağı qütbündə yerləşdikdə əllə hiss oluna bilir ( palpasiya olunur )

    3. Arterial təzyiq yüksəlir və təzyiq salıcı dərmanlar çətin kömək edir yaxud kömək etmir

    4. Bir sıra hallarda sidikdə qan aşkarlanır.

     

    Böyrəyində kista aşkarlanan xəstələrdən tez – tez eşitdiklərimiz

     

    ” Bir neçə ildir belimdə ağrılar var. Fizioterapiya və masaj kömək etmədi. USM – nə getdim. Böyrəyimdə böyük kista aşkarlandı”

    ” Hamiləlik öncəsi müayinə olunmaq qərarına gəldim. USM müayinə keçəndə böyrəyimdə böyük kista aşkarlandı. İndi mən nə etməliyəm ? “

    ” Təzyiqim həmişə yüksək olur. İki ildir təzyiqə görə dərman qəbul edirəm. Bu yaxınlar USM – dən keçəndə böyrəyimdə kista aşkarlandı. Həkim dedi ki, kista böyrək damarlarını sıxır, sizin təzyiqinizin yüksək olması kistadandır”

    ” Mən bilirdim ki, böyrəyimdə kista var. tez-tez müayinədən keçirdim. son bir ilə yaxındır ki, USM – də olmamışdım. Bu yaxınlar müayinədə oldum, dedilər sizin böyrəyinizdəki kista artıq bədxassəli şişə çevrilib. Gedin həkim – onkouroloqa”.

    İstərdim mənim bütün pasientlərim bilsin ki, böyrək kistası böyrək törəməsi hesab olunur, yəni böyrək şişlərinə aiddir. Yarıdan çox hallarda kistalar xoşxassəli olur.

     

    Böyrək kistası müalicəsi

    İnsanlar arasında yanlış fikir var ki, guya kistaya toxunmaq olmaz. Yəni, kista varsa qoy qalsın, hələ ağrı vermir ki. Yaxud ağrı versə belə dəymə. Bu tamamilə səhv fikirdir.

    Gəlin düşünək, əgər kistaya vaxtında müdaxilə olunmasa nə ilə nəticələnər?

    Ağrı

    Kistanın divarında ağrını hiss etdirən sinir ucluqları yoxdur. Ona görə də kista aşkarlanan əksər pasientlərdə ağrı yoxdur. Lakin bu hal kista müəyyən ölçüyə çatana qədər olur. Kista böyüdükcə böyrək kapsulasını gərginləşdirir və ağrı hissi yaranır. Ağrının yaranması kistanın həm böyrək toxumasına həm də bel əzələlərinə kompressiyası ( təzyiqi ) nəticəsində mümkün ola bilir.

    Yüksək təzyiq

    Bədənimizdəki bütün qan 4 – 5m dəqiqə ərzində böyrəklərdən keçir və beləliklə də böyrəklər çox yüksək qan təchizatına malikdirlər. Ona görə də qan təchizatının pozulmasına böyrəklər çox yüksək həssaslıq göstərir. Belə ki, əgər böyrəklərdən hər hansı birinə yaxud bir böyrəyin hər hansı bir hissəsinə yetərincə qan daxil olmazsa böyrəklərin buna cavabı çox kəskin olur. Böyrək toxuması renin adlanan fermet hazırlayaraq onu qana buraxır. Renin qan təzyiqinin kəskin yüksəldir ki, böyrəyə gələn qanın miqdarı artsın və böyrək qan azlığını hiss etməsin. Ona görə də kista yaxud hər hansı bir törəmə böyrək damarlarını sıxarsa böyrəkdən qana renin ifrazı kəskin artır və arterial təzyiq yüksəlir. Təzyiqin böyrəklə əlaqədar yüksəlməsi isə dərman müalicəsinə ya tabe olmur yaxud çox çətin tabe olur.

    Kistanın partlaması

    Qarına yaxud bel nahiyyəsinə olan hər hansı bir zərbədən böyük kistalar partlaya bilər və güclü qanitirməyə səbəb olar. Əgər kista infeksion kista ( exinekok kistası ) olarsa bütün qarın boşluğu infeksiyalaşa bilər və sonradan qarında çoxsaylı kistalar yaranar.

    Böyrək kistası bədləşməsi – kistatnın maliqnizasiyası  ( xərçəngə çevrilməsi )

    Bədləşmə böyrək kistasının ən pis ağırlaşmasıdır. Vaxtında aşkarlanmadıqda və müdaxilə olunmadıqda böyrək kistaları bədxassəli şişə çevrilə bilir. Böyrək kistasını daxildən örtən epiteli adlanan hücüyrələr daima bölünməklə çoxalır. Hər hansı bir səbəbdən bu bölünmə prosesi pozulur, nəzarətdən çıxır və xərçəng hücüyrələri yaranır. Belə olduqda isə xəstə kistadan yox xərçəngdən müalicə almalı olur.
    Kistaların bədləşmə dərəcəsinin əvvəlcədən müəyyən edilməsi müalicənin keyfiyyətinə təsir edir. Bunun üçün xəstə KT yaxud MRT müayinəsindən keçməlidir.

     

    Böyrək kistası bütün hallarda əməliyyat olunmalıdırmı ? – Əlbəttə ki, yox .

    Əməliyyata göstərişlər :

    – Kistanın diametri 3,5 – 4 sm – dən böyükdürsə

    – Kiçik olmasına baxmayaraq böyrək ləyənini və damarlarını sıxırsa. Ləyəni sıxdıqda ləyən genişlənir, deformasiya olunur və ağrıyır. Damarları sıxdıqda xəstənin təzyiqi kəskin qalxır və dərman müalicəsinə tabe olmur.

    – Kistanın divarlarında qalınlaşma, kirəcləşmə varsa, daxilində arakəsmələr varsa bu onun bədləşmək ərəfəsində olmasını göstərir və cərrahi müdaxiləyə göstərişdir

    – İltihablaşma ( irinləmə ) və qanaxma verirsə

    Böyrək kistası – aşağıdakı müalicələri təklif edirik

    Təəsüf olsun ki, böyrək kistalarının terapevtik və xalq təbabəti üsulları ilə müalicəsi mümkün deyil. Elə bir dərman və vasitə mövcud deyil ki, böyrək kistasını kiçiltsin yaxud tam sağaldsın. Ona görə də siz pasientlərə yalnız o qalır ki, biləsiz böyrək kistalarında hansı cərrahi əməliyyat növləri aparılır.

     

    Uroloqun arsenalında üç əməliyyat növü vardır.

    1. Kistanın laparoskopik ləğvi .

    2. Kistanın punksiya edilərək aspirasiyası + sklerozlaşdırılması .

    3. Açıq əməliyyat .

     

    Sadə böyrək kistasında kistanın laparoskopik üsulla ləğvi. Kistanın laparoskopik ləğvi əməliyyatını biz o vaxt edirik ki, ya texniki cəhətdən kistanın punksiyası mümkün olmur, yaxud kistanın ölçüləri 7 – 8 sm olduqda həmçinin kistanın bədləşməsinə şübhə olduqda. Bu əməliyyat 3 yaxud 4 kiçik dəlikdən girməklə aparılır. Laparoskopiyanın üstünlüyü təkcə onunla bitmir ki əməlyyat kəsiksiz aparılır, həmçinin əməliyyatdan sonra xəstə ağrı hiss etmir və bir – iki sutkaya evə yazılır. Bərpa müddəti qısa olur, əmək qabiliyyəti tez bərpa olunur.

    Parazitar kistanın müalicəsi isə USM ilə yerli keyitmə altında kistanın punksiyası və sklerozlaşdırılmasından ibarətdir. Kista sorucuya qoşulmuş xüsusi iynə ilə punksiya edilir, sonda isə kistanın daxilinə sklerozlaşdırıcı ( yandırıcı və büzücü – destruksiya edici ) maddə yeridilir ki, kista büzüşsün və divarları yapışsın. Kistanın daxilində törədici parazitin minlərlə yumurtası ola bilir. Parazitar kistalarla peşəkar və klinik təcrübəsi olan həkimlər məşğul olmalıdır. Çünki kiçik bir səhv kistanın möhtəviyyatının qarın boşluğuna və böyrək ətrafı toxumaya dağılması bu parazitar xəstəliyin digər orqanlara yayılmasına səbəb olar.

     

    Böyrək kistası – açıq əməliyyat

    Böyrək kistalarında bu əməliyyat çox nadir hallarda, punksiya və laparoskopiya texniki cəhətdən mümkün olmadıqda və ya onlara əks göstərişlər olduqda icra edirik. Həmçinin böyrək kistasının travmatik partlaması zamanı da açıq əməliyyata üstünlük verilir.

    Böyrək kistaları mövzusu çox aktual mövzulardan olduğu üçün çalışdım ki, nisbətən ətraflı məlumat verim. Bütün oxuculara və pasientlərimə can sağlığı arzu edirəm.

     

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər