Sidik saxlamazlıq, sidik qaçırma nədir ?
Sidik saxlamazlıq, sidik qaçırma inkontinans adlanır. Bu xəstəliyin müalicəsi ilə uroginekoloq həkimlər məşğul olurlar. Heç vaxt sidik saxlamazlığı olmayan insanlara bu mövzu maraqsız ola bilər, lakin özündə yaxud yaxın adamlarında, ailə üzvlərində sidik saxlamazlıq olan insanlar üçün kifayət qədər maraqlı və faydalıdır. Sidik saxlamazlıq dedikdə sidiyin qeyri – iradi ifraz olunması başa düşülür.
Sidik saxlamazlıq, sidik qaçırma sərbəst bir xəstəlik deyil. O müxtəlif xəstəliklərin, patoloji proseslərin əlaməti kimi yaranır. Ən çox 40 yaşdan yuxarı qadınlarda müşahidə olunur. Keçirilmiş sorğu əsasında məlum olub ki, 40 – 60 yaş arasında olan qadınların təqribən 50 % – də ən azı bir neçə dəfə sidik saxlamazlıq müşahidə edilib. Sidik saxlamazlıq insanın həyat keyfiyyətinə, əhval – ruhiyyəsinə olduqca mənfi təsir . Bu xəstələr həmişə elə hesab edirlər ki, onlardan sidik iyi gəlir. Çünki daima nəm olurlar, prakladka ( bez ) gəzdirirlər. Gülmək, asqırmaq, qaçmaq, tullanmaq, ağlamaq və.s. sidik qaçırtma ilə müşaiyət olunduğu üçün onlar daima bu hərəkətləri etməkdən çəkinirlər. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq sidik qaçırtma bir neçə damcı yaxud sidik kisəsinin tam boşalmasına qədər ola bilər.
Sidik saxlamazlıq, sidik qaçırma, sidik buraxmanın müxtəlif formaları. İmperativ yaxud urgent sidik saxlamazlıq nədir ?
Sidik saxlamazlıq, sidik qaçırma. Urgent sidik saxlamazlıq, sidik kisə dolu olmadığı halda, heç bir xəbərdaredici siqnal gəlmədən sidik kisəsi əzələlərinin güclü yığılması nəticəsində gözlənilmədən, qəfildən yaranan sidik ifrazına çağırışla əlaqədar xəstənin sidiyi saxlaya bilməməsidir. İmperativ adı da buradan götürülüb, çünki sidik ifrazına əmredici çağırış olur. Çünki, sidik kisə əzələlərinin yığılması elə güclü olur ki, sidik kisə daxili təzyiq kəskin yüksəlir və sidik kanalı daxili təzyiqi üstələdiyi üçün sidik kanalı əzələlərinin yığılmasına ( xüsusən də sidik kisə tam dolu olmadığı halda ) baxmayaraq sidik qaçırtma olur. Normal halda sidik kisə daxili təzyiq tədricən, yavaş – yavaş yüksəlir və sidik kisəsinin boynu və sidik kanalı əzələləri buna adaptasiya ola bildiyi üçün sidik qaçırtma olmur. Urgent sidik saxlamazlıq hiperaktiv sidik kisə ( hask ) olan pasientlər üçün xarakterdir. Hiperaktiv sidik kisəyə neyrogen sidik kisə yaxud qeyri – stabil sidik kisə də deyirlər.
Stres sidik saxlamazlıq yaxud gərginlik zamanı sidik saxlamazlığı.
Stres sidik saxlamazlıq dedikdə, qarın boşluğunda təzyiqin artması ilə müşahidə olunan müxtəlif hərəkətlər nəticəsində yaranan sidik qaçırtma başa düşülür. Məsələn: asqırma, öskürmə, gülmə, tullanma, qaçış, ağır yük qaldırma zamanı yaranan sidik qaçırtma stres sidik saxlamazlıq adlanır. Həmçinin xəstənin sidik kisəsi dolu olarkən qarına basdıqda, hətta cinsi əlaqə zamanı sidik qaçırtma ola bilir. Sidik qaçırtma sidik ifrazına çağırış olmadan yaranır.
Qarışıq tip sidik saxlamazlıq.
Sidik saxlamazlığın qarışıq forması dedikdə eyni zamanda xəstədə həm urgent sidik saxlamazlıq həm də stres sidik saxlamazlığı var.
Sidik canlı orqanizmin ifrazat məhsuludur, çoxlu miqdarda zəhərli maddələr sidiklə orqanizmdən təmizlənir. Sidiyin əmələ gəlmə prosesi böyrəkdə gedir, sidik axarları vasitəsilə sidik kisəyə axıb tökülür. Sidik kisə sidik üçün rezervuar rolunu oynadığı üçün. Sidiyin ora dolması ərəfəsində sidik kisəsinin əzələləri boşalmış vəziyyətdə olur ki, ora maksimum miqdarda sidik yığılsın. Sidik kanalı əzələləri isə yığılır ki, sidik kisə dolduqca kanaldan xaricə axmasın. Sidik kisə sidiklə dolmağa az qalmış əzələləri yığılmağa başlayır və insanın sidik ifrazına hazırlaşması üçün xəbərdarlıq edir və insan ayaqyoluna gedir. Sidik ifrazı zamanı sidik kisə əzələləri yığılır, sidik kanalı əzələləri isə boşalır ki, sidik ifrazı mümkün olsun və kisə tam boşalsın. Sidik ifrazında dəyişikliklə müşahidə olunan mütəlif xəstəliklərdə bu mexanizm pozulur. Nəticədə isə sidik saxlamazlığın müxtəlif formaları yaranır.
Urgent sidik saxlamazlığın, sidik qaçırmanın səbəbləri.
Urgent sidik saxlamazlıq bir sıra xəstəliklər zamanı müşahidə olunur. ( Ətraflı məlumat ” hiperaktiv sidik kisəsi ” məqaləsində verilibhttps://androloq.az/uslugi/hiperaktiv-sidik-kisesi/ ).
- Onurğanın və baş beyinin müxtəlif xəstəlikləri ( insult, dağınıq skleroz, Parkinson xəstəliyi, Alsheymer xəstəliyi, ensefalitlər, diabetik və alkoqol neyropatiyaları )
- Onurğanın və baş beyinin anomaliyaları
- Onurğanın və baş beyinin travmaları
- Sidik kisəsinin xəstəlikləri və anomaliyalar. Sidik – cinsiyyət yollarının müxtəlif xəstəliklərində ( prostat adenoması )
- Yaşla əlaqədar.
- Müxtəlif hormonal xəstəliklər nəticəsində sidik kisəsinin daxili qoruyucu qatının zədələnməsilə əlaqədar sinir – reseptor həssaslığının yüksəlməsi və . s
- Müxtəlif stresli vəziyyətlər, həmçinin alkoqol, kofein qəbulu, çox maye qəbulu əlamətləri daha da artırır.
Stres sidik saxlamazlığın səbəbləri.
- Agır travmatik doğuşlar zamanı aralığın yumşaq toxumalarının cırılması və çanaq dibi əzələlərinin gərilməsi stres sidik saxlamazlığının əsas səbəblərindəndir.
- Aralıq nahiyyəsinin digər travmaları
- Keçirilmiş ginekoloji əməliyyatlar
- Artıq bədən çəkisi stres sidik saxlamazlığında provakasiya edici faktorlara aiddir.
- Klimaksla əlaqədar hormonal çatışmazlıq həmçinin stres sidik saxlamazlığın səbəbi ola bilir.
- Sidik kanalının qısa olması
Stres sidik saxlamazlıq əsasən qadınlarda rast gəlinir. Bunun da əsas səbəbi qadında sidik kanalı daxili müqavimətin kişidəkinə nisbətən aşağı olmasıdır. Belə ki, qadında sidik kanalının uzunluğu 3 – 4 sm, kişidə isə 20 – 25 sm – dir.
Sidik saxlamazlıq, sidik qaçırmanın diaqnostikası. Xəstənin Müayinəsi.
Sidik saxlamazlığın diaqnostikası xəstə ilə söhbətdən, ətraflı sorğu məlumatlarından başlayır.
Bunlara aiddir :
- ilkin əlamətləri nə vaxt, necə və nədən sonra yaranmışdır
- xəstəliyin əlamətlərinin kəskinliyi nədən asılıdır
- bu xəstəliyə görə müalicə alıb ya yox ?
Mütləq sidiyə getmə gündəliyi tutulmalıdır. Bir həftə ərzində hər dəfə sidiyə çıxma vaxtını, sidiyin miqdarını, həmçinin hansı mayedən nə qədər və nə vaxt qəbul etdiyini qeyd eləməlidir. Bundan başqa sidik ifazının xarakteri ( ağrılı, yandırma ilə, qırıq – qırıq, sidik qaçırtmanın olması, sidiyin təzyiqinin azalması, haçalanması ), qasıq üstü və böyrək nahiyyələrində ağrının olması müəyyən edilməlidir. ( Sidik saxlamazlıq, sidik qaçırma )
Xəstədən bu suallara cavab alınmalıdır.
- Gün ərzində sidiyə neçə dəfə çıxırsız ? Yəni neçə dəfə ayaq yoluna gedirsiniz.
- Gündüz ərzində sidiyə neçə dəfə çıxırsız ?
- Gecə sidiyə çıxmaq üçün neçə dəfə yuxudan oyanırsız ?
- Qəfildən, gözlənilmədən yaranan və saxanılması çox çətin olan sidik ifrazı nə dərəcədə tez – tez olur ? ( hər gün yaxud gündə neçə dəfə və.s )
- Əgər ayaqyoluna çatana qədər sizdə sidikqaçırtma olursa təqribən nə qədər sidik qaçırdırsız ?
- Asqırma, öskürmə, gülmə zamanı, yaxud qaçanda, tullananda sidikqaçırtma olurmu ?
İmperativ yaxud urgent sidik saxlamazlığın stres sidik saxlamazlığından fərqi aşağıdakı cədvəldə göstərilmişdir.
Əlamətlər | Hiperaktiv sidik kisə ( imperativ sidiksaxlamazlıq ) | Stres sidiksaxlamazlıq |
Sutka ərzində 8 dəfədən çox sidik ifrazı ( gün ərzində 6 dan, gecə 2 dəfədən çox ). | Bəli | Xeyir |
Gözlənilmədən, qəfildən yaranan və saxlanılması çox çətin olan sidik ifrazına çağırış. | Bəli | Xeyir |
Gecələr yuxuda olarkən qəfildən yaranan sidik ifrazına çağırışla əlaqədar 1 – 2 və daha çox sidiyə durma | Bəli | Xeyir |
Sidik ifrazına çağırış yarandıqdan sonra xəstənin ayaqyoluna təlsmədən çata bilməsi | Xeyir. Xəstə əlində nə işi varsa onu atıb ayqyoluna qaçır. | Xeyir |
Xəstə ayaqyoluna çatana qədər ( sidiyi saxlıya bilmirsə ) qaçırtdığı sidiyin müqayisəli miqdarı | Çox miqdarda | Az miqdarda yaxud cüzi |
Askırma, öskürmə, gülmə, qaçma, tullanma, oturaq vəziyyətdən ayaq üstə qalxdıqda sidik qaçırtma. | Xeyir | Bəli |
Sidik ümumi və bakterioloji müayinəsi yoxlanmalı, cinsi yolla yoluxan xəstəliklərin olmamasına əmin olmaq lazımdır. Çanaq orqanlarının və böyrəklərin usm müayinəsi, qalıq sidiyin olub olmaması və . s dəqiqləşdirilməlidir. Ehtiyac olduqda sistoskopiya müayinəsi olunmalıdır. Sistoskopiya dedikdə yüksək dəqiqlikli görünüş verən kamera ilə təciz olunmuş alət vasitəsilə sidik kanalından keçməklə sidik kisəsi daxilinin gözlə vizual müayinəsi başa düşülür.
Sidik saxlamazlıq, sidik qaçırmanın müalicəsi. Urgent sidik saxlamazlığın müalicəsi.
Urgent sidik saxlamazlıq hiperaktiv sidik kisəsi zamanı müşahidə olunduğu üçün, müalicəsi də hiperaktiv sidik kisəsinin müalicəsi ilə eynidir.
Müalicə lazımi dərman preparatları ilə yanaşı, xəstənin həyat tərzində aşağıdakı dəyişikliklərin edilməsi ilə daha effektiv olur.
Qəbzliyin profilaktikası.
İlk növbədə çalışmaq lazımdır ki, qəbzlik olmasın, bunun üçün qida rasionunda dəyişiklik edilməlidir. Çünki qəbzlik olan pasientlərdə yoğun bağırsaq ( yoğun bağırsağın düz bağırsağa yaxın hissəsi ) nəcis kütləsi ilə gərgin dolu olduqda sidik kisəsinə mexaniki təzyiq edirək əlavə qıcıq yaradar. Nəticədə sidik kisəsi yığıla bilər, bu isə qəfildən yaranan və tezləşmiş sidik ifrazına səbəb olar. Tünd çay, kofe, qazlı içkilər içilməsin, zərərli vərdişlər – siqaret çəkilməsin, spirtli içki içilməsin. Əgər xəstədə nokturiya varsa ( yəni gecələr sidik ifrazına durursa ) məsləhət görmək lazımdır ki, yatmazdan 2 – 3 saat əvvəl maye qəbul etməsin.
Keqel hərəkətləri.
Çanaq dibi əzələlərinin möhkəmlənməsinə xidmət edən fiziki məşqlərin edilməsi. Bu hərəkətlərə sidik ifrazının ortasında sidiyi saxlamaq ( sidik ifrazını ortada dayandırırsız, tələsmədən 3 – ə qədər sayıb bıraxırsız ), yarım oturaq yaxud oturaq vəziyyətdə nəcis ifrazı zamanı gücənməklə müşahidə olunan çanaq dibi ( çanaq diafraqması ) əzələlərinin yığılması hərəkətlərini təkrarlamaq, həmçinin ümumilikdə çanaq dibi əzələlərinin möhkəmlənməsinə xidmət edən hərəkətlər aiddir. Bunlara Keqel hərəkətləri də deyirlər. Hər bir pasient internetdə ” çanaq orqanları üçün Keqel hərəkətləri ” yazıb axtarış verərsə onları əyani də görə bilər. Keqel hərəkətləri həm kişilərdə həm də qadınlarda müşahidə olunan sidik saxlamazlıqlar, nəcis saxlamazlıq, düz bağırsaq xəstəlikləri, prostatit və həmçinin çanaq orqanları ilə əlaqədar yarana biləcək cinsi problemlərin tez aradan qalxmasına kömək edir.
Demək olar ki, bu hərəkətləri edən bütün pasientlərdə xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılı olaraq yaxşılaşma yaxud tam sağalma müşahidə olunur. Çox yaxşı olar ki, o hərəkətlərin hərəsindən 10 dəfə gündə 5 dəfə olmaqla bir ay ərzində edəsiniz.
Sidik ifrazı qrafiki tutulmalı.
Müalicə ərəfəsində sidik ifrazı ciddi qrafik əsasında olmalıdır. Belə ki, həkim tərəfindən müəyyən cədvəl tərtib olunaraq xəstəyə verilir və xəstə çalışır ki, cədvəldə yazılan vaxtlarda sidiyə çıxsın. Hətta sidik kisədə sidik yoxdursa yaxud sidiyə getmə istəyi yoxdursa belə. Bu cədvəl, sidik ifrazı üzərində nəzarəti ( kontrolu ) təmin etmək üçün çox vacibdir.
Dərman preparatlarının seçimi.
Ən əsası isə hər bir konkret situasiyada dərman preparalarının seçimidir. Bu zaman sizə həkimin peşəkarlığı, klinik təcrübəsi və klinik manevr bacarığı kömək edəcək. Çünki, əgər həkim klimaksda olan ( aybaşıdan kəsilmiş ) qadın xəstədə hiperaktiv sidik kisənin olmasını müəyyənləşdiribsə, bu halda xəstənin hormonal statusu korreksiya olunmadan HASK ilə müraciət edən digər pasientlərdə aparılan standart müalicə taktikası yetərincə effektli olmuya bilər yaxud effektsiz olar. Bu xəstə ginekoloqla konsultasiya edilməli və uroloqun müalicəsi ilə yanaşı ginekoloqda da estrogenlərlə hormonal əvəzedici müalicə almalıdır. HASK 30 % – ə qədər hallarda neyrogen xarakterli olur. Əgər HASK-in hansısa nevroloji xəstəlik fonunda yaranması ehtimal olunursa, xəstənin tam nevroloji müayinəsi aparılmalıdır.
Urgent sidik saxlamazlığın müalicəsində istifadə olunan dərman sayı o qədər də çox deyildir. Hər bir dərmanda olduğu kimi, HASK zamanı təyin olunan dərmanların da yan effektləri vardır. Bunlara ağızda quruluq, gözdə quruluq, qəbizlik, görmənin pozulması. Ona görə də dərman seçimi olarkən mütləq xəstədə olan digər xəstəliklər nəzərə alınmalı və yan effektləri azaldan kombinasiya seçilməlidir.
Hamiləlik zamanı sidik saxlamazlıq.
Əgər hamilə qadın adı çəkilən əlamətlərlə müraciət edərsə, nəzərə almaq və pasientin özünə də izah etmək lazımdır ki, bu əlamətlər hamiləliyin gedişinə uygun olaraq qarındaxili təzyiqin artması ilə əlaqədardır. Demək olar ki, bütün hallarda hamiləlikdən sonra normal sidik ifrazı bərpa olunur. Əgər bərpa olunmazsa lazımi müayinələr aparılaraq müəyyən olunan diaqnoza müvafiq müalicə təyin edilir.
Stres sidik saxlamazlığın müalicəsi.
Stres sidik saxlamazlıqda müalicə taktikası bir qədər fərqlidir. Müxtəlif yaş qruplarında olan insanlarda stres sidik saxlamazlığın müxtəlif səbəbləri ola bilər, lakin onların hər biri sidiyin axmasına qarşı uretral ( sidik kanalı daxili ) müqavimətin zəifləməsi ilə müşaiyət olunur. Çünki xəstəliyin əlamətlərinə diqqət yetirdikdə də görürük ki, stres sidik saxlamazlığın sidik ifrazına çağırışla heç bir əlaqəsi yoxdur. Yalnız çanaq dibi və sidik kanalı əzələlərinin zəifliyi səbəbindən, sidik kanalı daxili təzyiqin azalması ilə əlaqədardır.
Stres sidik saxlamazlığında konservativ ( əməliyyatsız ) müalicə effektiv deyildir. Yalnız az qism xəstələrdə, xəstəliyin başlanğıc mərhələsində qismən effektiv ola bilər. Son zamanlar bütün dünyada ən müasir cərrahi seçim müalicəsi sidik kanalının altından ( suburetral ) keçməklə onu qaldıran sərbəst sintetik ilgəyin yeləşdirilməsindən ibarətdir. (ingiliscə – İntra Vaginal Sling – İVS ) . Bunlara ” slinq ” əməliyyatları deyilir. Slinq – ingiliscə qayış, kəmər, qaldıran, dartan mənasını verir. Son 5 ildə Avropanın müxtəlif klinikalarında sintetik ilgəkdən istifadə etməklə 200 000 dən artıq əməliyyat icra edilmişdir. Stres sidik saxlamazlığında qızıl standart hesab olunan bu əməlyyatın müxtəlif formaları mövcuddur. Bunlara TVT ( ingilis. Tension-free Vaginal Tape – sərbəst sintetik ilgək yaxud sərbəst sintetik lent ), TOT ( Trans Obturator Tape ) əməliyyatları aiddir.
Bu əməliyyatlarda, modifikasiyasından asılı olmayaraq sintetik lent ( yaxud ilgək ) sidik kanalının altından keçməklə ( suburetral ) onu nisbətən qaldırır ki, sidik kanalı daxili təzyiq yüksəlsin. Nəticədə də kisədəki sidik, sidik ifrazına çağırış olmadan xaricə axmasın.
Slinq əməliyyatlarının üstünlükləri.
Slinq əməliyyatlarının bütün dünyada geniş tətbiqi onların bir sıra üstünlükləri ilə əlaqədardır.
- Yüksək effektivlik ( 80 – 90 % ).
- Əməliyyatın xəstəyə travma vermədən kiçik dəlikdən aparılması.
- Əməlyyatın icrasının texniki cəhətdən asan və sadə olması.
- Ağırlaşmaların az olması.
- Xəstəxanada qalma müddətinin 1 gün olması.
Çanaq boşluğu orqanlarını əhatə edən çoxsaylı bağlar, əzələlər, fassiyalar hamısı birlikdə funsiya göstərərək çanaq dibini təşkil edir. Çanaq dibi kompleks fəaliyyət göstərən strukturlardan ibarət olub, sidik kisə, sidik kanalı, uşaqlıq, uşaqlıq yolu və düz bağırsağın normal fizioloji xüsusiyyətlərinin tənzimlənməsində iştirak edir. Belə ki, çanaq dibi həmişə tonusda olmaqla çanaqdaxili orqanların çanaqda vəziyyətini müəyyənləşdirir, sisik ifrazı, defekasiya ( nəcis ifrazı ), doğuş zamanı tonusu dəyişməklə fizioloji prosesləri asanlaşdırır. Tibbi anatomik bilikləri olmayan insan üçün bunları başa düşmək çətin olduğu üçün daha anlaşılan dildə izah verməyə çalışacam.
Məsələn
Çanaq dibi orqanlarının işini simfoniyaya bənzətək. Sidik saxlamazlıq necə yaranır?
Təsəvvür edin ki, sidik kisə, uşaqlıq və düz bağırsaq musiqi alətləridir. Baş beyin isə çox bacarıqlı drijordur və müsiqi alətlərini tənzimləməklə gözəl bir simfoniya, musiqi dünyaya gəlir. Necə ki, gözəl musiqinin yaranması üçün drijor çubuğu lazımdır, eləcə də çanaq orqanlarının normal fəaliyyəti üçün çanağın bağ aparatı ( çanaq bağ aparatı dedikdə, çanaqda yerləşən orqanların çanaq divarlarına bərkidən bağlar və əzələlər başa düşülür ) sağlam olmalıdır. Egər drijor çubuğu hərəkət etdirərkən cüzi səhvə yol verərsə simfoniya düzgün səslənməz. Eləcə də çanaqda, əzələ və bağların anatomik tamlığı pozularsa yaxud hər hansı bir səbəbdən bağlar düzgün tonusunu saxlamazsa çanaq orqanları ilə əlaqədar müəyyən simptomların ( sidik saxlamazlıq, sidiyə gedə bilməmək, qalıq sidiyin qalması, nəcis saxlamazlıq, bağırsaqlarda köp saxlamazlıq, uşaqlıq, sidik kisə sallanması və . s ) yaranmasına səbəb olur.
Funksiyası pozulmuş bağları ” təmir etməklə ” yaxud xüsusi sintetik vasitələrlə əvəz edərək müasir təbabət stres sidik saxlamazlığını tam sağaldır. ( Sidik saxlamazlıq, sidik qaçırma )
Yuxarıda qeyd olunan TVT yaxud TOT adlanan əməliyyatlarda məhz xüsusi sintetik lentdən yaxud ilgəkdən istifadə edilir.
Sidik saxlamazlıqların hər bir növü, diaqnostikası, digər xarakterik xüsusiyyətləri və ən müasir müalicəsi haqqında saytımızda ayrı-ayrı məqalələrdə məlumat verilib.
Hiperaktiv sidik kisə haqqında ətraflı məlumat aşağıdakı linkdə verilib
http://androloq.az/uslugi/sidik-saxlamazliq-sidik-qacirtma-sidik-buraxma/