Enməmiş xaya, kriptorxizm və xayanın ektopiyası
Enməmiş xaya, kriptorxizm və xayanın ektopiyası. Bildiyimiz kimi döl ana bətnində olarkən xayaların əsası ( mayası ) bel nahiyyəsində – böyrəklər səviyyəsində qoyulur. Hamiləliyin gedişində doğuşa yaxınlaşdıqca xayalıq istiqamətində enərək, əvvəlcə qasıq kanalına daxil olur. Daha sonra isə hamiləliyin doqquzuncu ayının axırlarına yaxın xayalığa enir. Bu prosesə xayanın transpozisiyası və ya yerdəyişməsi deyilir. Lakin bir sıra hallarda xayanın xayalığa enməsi prosesi pozulur.
Enməli olduğu yolun hər hansı bir hissəsində, məsələn : bel, qarın nahiyəsində, qasıq kanalının daxilində qalır və xayalığa qədər enmir. Xayaların xayalığa enməsi qubernakulum adlanan istiqamətləndirici bağın inkişafı ilə əlaqədardır. Bu bağ öz inkişafını bel nahiyyəsindən götürür və xayalığın dibinə qədər enir. Qubernakulumun izi ilə də xaya enir. ( Xayanın ektopiyası, ektopik xaya )
Xayanın xayalıqdan kənarda, enməli olduğu yol boyunca ( troyektoriyadan kənara çıxmamaq şərtilə ) hər hansı səviyyədə qalmasına kriptorxizm deyilir. Kriptus gizli, orxis – xaya deməkdir ( kriptorxizm – gizli xaya deməkdir ) .
Enməmiş xaya – kriptorxizm və xayanın ektopiyası
Xayanın mayası qoyulduğu nahiyyədən xayalığa qədər enmə prosesində, bu troyektoriyadan kənara çıxaraq yerdəyişməsinə isə ektopiya deyilir. Ektopiya olmuş xaya sanki enmə prosesində azmış xayadır. Belə xaya ektopik xaya yaxud distopik xaya adlanır.
Beləliklə də kriptorxizimlə ektopiyanın əsas fərqi ondan ibarətdir ki, kriptorxizm zamanı xayanın xayalığa enməməsi, onun enməli olduğu yolun hər hansı bir hissəsində qalması ilə müşaiyət olunur. Ektopiyada isə xaya sanki azmış bir vəziyyətdə qalır və xayalığa doğru olan yolu itirərək müxtəlif nahiyyələrə tərəf yerdəyişir. Belə ki, ektopiya zamanı xaya budun içəri səthinə, ön səthinə, aralıq nahiyyəsinə, qasıq nahiyyəsinə yerdəyişir. Bəzən hər iki xaya xayalığın eyni tərəfində olur, xayalığın əks tərəfi isə boş qalır, yaxud sağ xaya xayalığın sol yarısında, sol xaya xayalığın sağ yarısında yerləşir. Ektopiya zamanı xaya qasıq kanalının xarici dəliyinə qədər normal troyektoriya üzrə enir. Qasıq kanalının xarici dəliyindən sonra isə xayalığa doğru yolu itirərək müxtəlif nahiyyələrə tərəf yerdəyişir. (Enməmiş xaya, kriptorxizm və xayanın ektopiyası, uroloq Ziyad Əliyev)
Aşağıdakı şəkildə ektopiyanın müxtəlif formaları təsvir olunub. 1 – normal yerləşmiş xaya. 2 – xayalığın girişində qalmış xaya. 3 – səthi qasıq forma. 4 – qasıq kanalı daxili forma. 5 – qarın kriptorxizmi. 6 – bud forma ektopiyası
Xayanın yerləşmə yerinə görə ektopiyanın aşağıdakı formaları var.
- Səthi qasıq forması ən çox aşkarlanan formadır : Bu zaman xaya qasıq kanalının xarici dəliyindən çıxdıqdan sonra yuxarıya xarici çəp əzələnin apanevrozunun üzərinə yerdəyişir. Dərinin bilavasitə altında olur və çox asan əllənir.
- Aralıq forması nadir hallarda olur : Xaya aralıq nahiyəsində, düz bağırsağın önündə, orta xətdən sağda yaxud solda yerləşir.
- Bud forması da nadir hallarda olur : Budun içəri və ön səthində yerləşə bilir. Toxum ciyəsi qasıq bağının altından keçir.
- Qasıqüstü formada xaya cinsi orqanın kökünün və qasıqüstünün dərisi altında yerləşir.
Kriptorxizm haqqında ətraflı məlumat aşağıdakı linkdə verilmişdir. Uşaq uroloqu Ziyad Əliyev.
http://androloq.az/uslugi/andrologiya-ve-kishi-saglamligi-kriptorxizm-xayalarin-xayaliqda-olmamasi/
Uroloq Ziyad Əliyev: Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.