Qalıq sidik nədir ? Sidik kisəsinin tam boşalmaması
Prostat vəzin adenoması, sidik kanalında daralma ilə əlaqədar biz xəstənin əməliyyat olunmasına qərar verərkən sidik kisədə qalıq sidik olub olmamasını mütləq dəqiqləşdirmək lazımdır. Qalıq sidik dedikdə sidik ifrazından sonra kisədə qalan sidik nəzərdə tutulur. Buna bəzən xroniki sidik ləngiməsi də deyilir. Qalıq sidik xəstəyə çox əziyyət verən, onu gecələr tez – tez sidik ifrazına durğuzan, gündüzlər tez – tez sidik ifrazına məcbur edən, sidik kisədə daima ağrı, ağırlıq hissi, diskomfort yaradan haldır. ( Qalıq sidik nədir ? Sidik kisəsinin tam boşalmaması )
Normal halda sidik ifrzından sonra kisədə sidik qalmamalıdır, yəni ki, kisə tam boşalmalıdır. Yaxud da, əgər sidik kisəsi sidiklə gərgin doludursa ( 500 ml – dən artıq ) sidik kisədə olan ilkin sidiyin 10 % -ə qədərinin qalması normal hesab edilə bilər. Kliniki cəhətdən ciddi əhəmiyyət kəsb edəni 50ml – dən artıq olan qalıq sidikdir.
Qalıq sidiyin ölçülməsi
Qalıq sidiyin təyini üçün ən çox istifadə edilən metod usm müayinəsidir ki, praktikada daha geniş tətbiq edilir. Bunun üçün əvvəlcə xəstəyə dolu sidik kisəsi ilə, daha sonra isə sidik ifrazından sonra baxılır. USM – də qalıq sidiyi ölçmək istiyərkən ilkin olaraq sidik kisə gərgin dolu olmamalı, optimal doluluqda olmalıdır. Adətən xəstəyə əvvəlcədən bildirilir ki, usm – müayinəsinə gələrkən sidik kisə dolu olsun.
Bir çox hallarda xəstə dolu sidik kisəsi ilə vaxtında gəlir, lakin USM – ə çox növbə olduğundan gözləməli olur və sidik kisə həddən artıq sidiklə dolur. Bu halda xəstə sidiyə getdikdən sonra sidik kisədə çox miqdarda qalıq sidik qala bilər. Lakin bu həqiqi qalıq sidik deyildir. Belə olduqda, xəstə bir dəfə sidiyə çıxdıqdan sonra 15 dəq gözləyir və yenidən sidik kisəni boşaltdıqdan sonra qalıq sidik ölçülür. Bu halda qalıq sidik daha az miqdarda olacaq və həqiqi qalıq sidiyi əks etdirir. Ona görə də sidik kisə həddən artıq gərgin dolu olduqdan sonra qalıq sidiyin dərhal ölçülməsi düzgün düyil.
Qalıq sidiyi ölçməyin başqa bir yolu isə sidik kisəsinin kateterizasiyadır. Belə ki, xəstə sidiyə çıxdıqdan sonra sidik kanalına kateter salınır sidik kisəyə qadər. Bu zaman sidik kisədən xaric olan sidik qalıq sidik hesab olunur.
Qalıq sidiyin ölçülməsinin mahiyyəti
Qalıq sidiyin ölçülməsi bir sıra xəstəliklər zamanı diaqnozu müəyyənləşdirməkdə, konservativ müalicənin effektivliyini qiymətləndirdikdə və müalicə taktikasının seçilməsində böyük əhəmiyyət kəsb edir. Məsələn, prostat vəzin adenoması, prostat xərçəngi, kəskin prostatit, sidik kanalının daralması, sidik kisə boynunun sklerozu, uşaqlarda anadangəlmə olaraq sidik kanalı daxili klapanların olması, sidik ifrazının neyrogen xarakterli pozğunluqları zamanı qalıq sidiyin ölçülməsinin ciddi əhəmiyyəti vardır. Belə ki, əgər xəstədə müalicədən əvvəl qalıq sidik 100 ml olub, müalicədən sonra isə 50 ml qalıq sidik müəyyən olunursa bu müalicənin effektivliyinin göstəricisidir. Ən çox yayılmış xəstəliklərdən olan prostat vəzin adenomasında son əməliyyat qərarının verilməsi üçün qalıq sidik diaqnozun əsas hissəsidir. Məsələn, diaqnoz: Prostat vəzin adenoması III dərəcə, xroniki sidik ləngiməsi (qalıq sidik).
Sidik kisədə qalıq sidiyin qalması nə ilə əlaqədardır?
Prostat vəzi böyüdükcə, yaxud sidiyin sidik kisədən qovulmalı olduğu yolun ( sidik kanalının ) hər hansı bir hissəsində daralma səbəbindən kisədə olan sidik ya tamamilə yaxud qismən xaricə çıxa bilmir. Əgər sidik kisə dolu olduğu halda xəstə sərbəst sidiyə çıxa bilmirsə buna kəskin sidik ləngiməsi deyilir. Əksər hallada isə kisədə olan sidiyin bir hissəsi xaricə çıxır, digər hissəsi isə kisədə qalır və bu qalıq sidik adlanır. ( Qalıq sidik nədir ? Sidik kisəsinin tam boşalmaması )
Belə ki, prostat vəzin adenomasının inkişaf mərhələlərində vəzin adenoma hissəsi böyüdükcə sidik kanalı daxili müqavimət artır. Ona görə də zaman keçdikcə sidik kisə yığılıb sidiyi qovmaq istiyərkən hər dəfə daha çox qüvvə sərf edir. Nəticədə sidik kisə əzələləri yorulur, gücdən və tonusdan düşür. Sidik kisə divarında kisəvari genişlənmələr yaranır, bunlara divertikul deyilir. Bəzən divertikulun ölçüsü sidik kisə ölçüsü qədər böyük olur və əksər hallarda divertikulun daxilində daşlar əmələ gəlir. Beləliklə qalıq sidiyin miqdarı zaman keçdikcə daha da artır.Uzun müddət sidik kisəsində qalıq sidik olan xəstələrin sidik kisəsinin daxildən görünüşü sağlam sidik kisəsindən kəskin fərqlənir. Belə sidik kisəsinə trabekulyar sidik kisə deyilir.
Qalıq sidiyin olmaması üçün onun yaranmasına səbəb olan faktor aradan qaldırılmalıdır. Belə ki, əgər səbəb prostat vəzin böyüməsidirsə prostat vəzin TUR əməliyyatı, əgər səbəb sidik kanalında daralmadırsa daralmanın ləğvi əməliyyatı icra olunmalıdır, və.s.
(Qalıq sidik nədir ? Sidik kisəsinin tam boşalmaması – sidik ləngiməsi – sidiyə qırıq – qırıq getmək – sidik ifrazının çətinləşməsi – prostat böyüməsi – sidik kanalında daralma – uroloq – androloq Ziyad Əliyev)