Perkutan əməliyyatı ( nefrolitotripsiya )
Böyrək daşlarının müalicəsində ən müasir üsullardan biri perkutan nefrolitotripsiyadır. Xüsusən də ölçüsü 2 sm və daha böyük olan böyrək daşı zamanı. Perkutan dedikdə, bel nahiyyəsindən dəridən keçməklə aparılan əməliyyat başa düşülür. Per – vasitəsilə, kutanea – dəri deməkdir.
Aşağıda perkutan əməliyyatı təsvir olunmuşdur. Əməliyyat iki hissədən ibarətdir.
1 – Ci hissə böyrəyə daxil olmaqdır.
Perkutan əməliyyatı endotraxeal narkoz altında aparılır. Əvvəlcə pasient litotomik vəziyyətdə olur. Bu vəziyyatdə sidik kanalından keçməklə sidik axarından böyrəyə sidik axarı kateteri adlanan borucuk böndərilir. Bu kateterin bir ucu böyrək ləyənində, digər ucu isə sidik kanalından xaricdə qalır. Daha sonra isə xəstə üzü aşağı vəziyyətə çevrilir və müvafiq tərəfin böyrək proyeksiyası punksion iynənin salınması üçün hazırlanır. Bel nahiyyədən dərini deşməklə böyrəyin içinə düşmək çox təcrübəli uroloq həkim üçün belə o qədər asan iş deyildir.
Bu prosedur rentgen naviqasiya yaxud usm ( uzi ) naviqasiya altında aparılır. Bunun üçün əvvəlcədən xəstənin sidik axarına qoyduğumuz kateterin xaricdə qalan ucundan xüsusi kontrast maddə olan uroqrafin yeridirik. Mütləq əməliyyatxanada səyyar rentgen aparatı olmalıdır. Uroqrafin rentgendə görünə bilən maye maddədir. Uroqrafini yeridməklə eyni zamanda əməliyyat stolu ətrafında olan rentgen vasitəsilə böyrək boşluğunun rengendə uroqrafinlə dolduğunu görürük. Məhz rengendə alınan bu görüntüyə əsasən punksion iynəmizi daxil edəcəyimiz yeri təyin edirik. Yəni daşın və kasa ləyən sisteminin proyeksiyasını müəyyən edib punksiya edirik. Rentgen görüntüdə böyrəyə daxil olmamışdan girmək istədiyimiz nahiyyəni dəqiqləşdiririk. Çünki, giriş nöqtəsi düzgün seçilmədən böyrəyə daxil olunarsa daşın tapılmaması, yaxud tapılıb parçalandıqdan sonra bir hissəsinin görmə sahəsindən uzaqda olması səbəbindən böyrək daxilində itirilə bilir.
Baxmayaraq ki, əməliyyatı edən həkim o daşı rentgendə görür, lakin böyrəyin daxilinə girdikdə görünmüyə bilir. Belə olduqda təkrarən ikinci yaxud üçüncü dəlikdən böyrəyə daxil olmaq zərurəti yaranır. Bu isə böyrək toxuması üçün ciddi travmadır. Başqa bir tərəfdən isə düzgün seçilməyən giriş nöqtəsi magistral damarların zədələnməsinə və xəstənin həyatının itirilməsinə qədər gətirib çıxarda bilir. Yaxud da ciddi həcmdə qanköçürməyə səbəb ola biləcək qanitirmələrə səbəb ola bilər.
Perkutan əməliyyatının ikinci hissəsi böyrəkdə işləməkdir.
Perkutan əməliyyat da endoskopik əmliyyatlara aiddir. Endoskopik əməliyyat dedikdə ucluğu xüsusi dəqiqlikli ğörüntü verən kamera ilə təchiz olunmuş alətlə orqanizmin müxtəlif boşluqlarına yaxud orqanlarına daxil olunur. Həmin orqanın daxilinin görüntüsü ekrana ötürülür. Həkim bu görüntüyə baxaraq xəstəni əməliyyat edir. Yuxarıda qeyd olunduğu kimi perkutan əməliyyat zamanı xəstənin bel nahiyyəsindən punksion iynə ilə böyrəyin boşluğuna düşülür.
Böyrəyin boşluğu dedikdə kasa – ləyən sistemi başa düşülür. Böyrəyə düzgün düşməyinizi sübut edən iynənin boşluğundan sidik xaric olmasıdır. Əgər iynənin daxilində olan kanaldan sidik gəldisə, deməli böyrək boşluğuna daxil olmuşuq. Daha sonra xüsusi alətlərin köməkliyilə iynənin dəliyi genişləndirilir. Bizə lazım olan ölçüyə qədər genişləndirdikdən sonra nefroskop adlanan alətlə böyrəyə daxil olunur. Nefroskopu böyrəyin boşluğuna daxil etdiyimizdə böyrəyin daxilinin görüntüsünü ekranda görmüş oluruq. Bu zaman daşın aşkarlanması adətən çətinlik törədmir. Lakin ola da bilir ki, böyrəyə daxil olmağına baxmayaraq daşın aşkarlanması çətinlik törədsin. Əlbəttə ki, həkimin bilik və bacarığından, klinik manevr qabiliyyətindən çox şey asılıdır.
Hansı daşlar perkutan əməliyyat olunmaz ?
Adətən ölçüsü 2 sm – ə qədər olan yaxud 2 sm – dən cüzi böyük olan daşlar zamanı transuretral flexsibl lazer ureteronefrolitotripsiya əməliyyatı icra edirik. Adından göründüyü kimi perkutan əməliyyatdan fərqli olaraq bu əməliyyat transuretral icra edilir. Yəni sidik kanalından keçməklə. (Uretra – latınca sidik kanalı deməkdir.). Əlbəttə ki, fleksibl əməliyyat daha müasir bir əməliyyatdır. Fleksibl dedikdə yüksək dəqiqlikli görüntü verən kamera ilə təchiz olunmuş alətin elasik və əyilə bilən ucluğa sahib olması başa düşülür. Bu alət ureterorenoskop yaxud ureteronefroskop adlanır.
Bu alətin ucluğunun əyilə bilməsi ( qatlana bilməsi ) sayəsində böyrəyin daxilinin, müxtəlif kasacıqların daxili görüntüsünü ekrana gətirərək orada olan daşların parçalanmasını həyata keçirmək olur. Ən kiçik ölçüdə olan daşlar belə tamamilə toz halına salınaraq xaric edilə bilir. Çox böyük ölçüdə daşları da fleksibl litotripsiya ilə əməliyyat etmək mümkündür. Lakin bu zaman iki yaxud üç mərhələli əməliyyata ehtiyac ola bilir. Çünki, böyrəyin daxilində 2 saatdan artıq işləmək tövsiyyə olunmur. Böyük daşların flexibl lazerlə qırılması isə 2 saatdan çox vaxt aparır. Ona görə də böyük ölçüdə olan daşlar zamanı əsasən perkutan əməliyat seçilir.
Nə zaman perkutan əməliyyat oluna bilər?
Çünki perkutan əməliyyatı zamanı böyrəyə daxil olduğumuz alətin mənfəzi daha böyükdür. Ona görə da nisbətən böyük hissəcikləri çox xırdalamadan xaric edə bilirik. Bu isə əməliyyat vaxtını qısaldır. Göründüyü kimi ölçüsü 2 sm və daha böyük olan daşlar zamanı perkutan əməliyyata qərar veririk. 5 – 6 sm ölçüsü olan giqant mərcanvari daşlar zamanı belə seçim perkutan əməliyyatdır. Bu zaman böyrəyin daxili daşdan tamamilə təmizlənə bilir. Doğrudur, belə böyük daşlar zamanı hansısa kiçik hissəciklərin böyrəkdə qalması mümkün olan haldır. Lakin bu hal az hallarda olur və həkimin bilik və bacarığından savayı, daşın uzun müdət qalması səbəbindən böyrəyin kasa – ləyən sistemində yaranan deformasiyasına bağlı olur.
Nefroskopun işçi kanalı vardır. Bu işçi kanaldan daşqıranın ucluğunu daxil edərək ekranda görüntü altında daşın qırması baş verir. Əlində nefroskop olan həkimin ayağının altında olan pedalı basmaqla daşın qırılmasına başlanılır. Daşqıranlar daşın qırılma mexanizminə görə ultrasəs, pnevmotik və lazer daşqıran olmaqla bir neçə qrupa bölünür. Bunların hansının seçilməsi isə hər bir konkret situasiyada fərqlidir. Belə ki, qırılması planlaşdırılan daşın öçüsündən və formasından asıl olaraq seçilir. Həmçinin klinikanın texniki imkanlarından da asılıdır. Hazırda bizim klinikamız ən yüksək texnoloji imkanlarla təchiz olunub. Ona görə də daşın yerləşdiyi yerdən, ölçüsündən və sıxlığından asılı olmayaraq bütün daşlar tam qapalı üsulla toz halına salınaraq xaric oluna bilir.
Xəstə bir ya iki gün xəstəxanada qalır, sonra evə ambulator müalicəyə buraxılır.