Xroniki sistit.
Xroniki sistit sidik kisəsinin iltihabıdır. Qadınlarda çox tez – tez rast gəlinməsinə baxmayaraq kişilərdə və uşaqlarda çox az rast gəlinən xəstəlikdir. Səbəblərinə gəldikdə bakterial sistit, göbələk mənşəli, virus mənşəli, xroniki çanaq ağrıları, sidik kisənin leykoplagiyası, cinsi əlaqədən sonrakı sistit… və. s. olur. Göründüyü kimi sidik kisənin iltihabının səbəbləri, formaları müxtəlifdir və onların arasında xroniki sistit yoxdur. Xroniki sistit sadəcə olaraq sidik kisənin iltihabı xəstəliklərinin ümumiləşmiş adıdır. Tam detallarına qədər ayırd etməyə çalışsaq görərik ki, bunlar sidik kisəsinin iltihabı ilə müşaiyət olunan ayrı – ayrı xəstəliklərdir və hər birinin ayrı – ayrılıqda spesifik müalicəsi var. Amma belə pasientlər necə və hansı müalicəni alır ? – əlbəttə ki, hamısı eyni cür. Əgər sidik kisədə yaxud sidik cinsiyət yollarında həqiqətən də bakteriyalar varsa bu qədər antibiotiki içməklə onlar niyə tələf olmur ? Yaxud onlar necə sağ qalırlar ?
Xroniki sistit olan xəstənin müayinəsi – diaqnostika.
Xroniki sistit müalicəsi birbaşa onu yaradan səbəbdən asılıdır. Ona görə də həkimin birinci işi infeksion faktorun olub – olmamasını müəyyən etməkdir. Bunu üçün sidiyin ümumi analizi, sidiyin əkilməsi, sidik – cinsiyyət yollarından cinsi yolla yoluxan xəstəliklərin müayinəsi vacibdir. Ssistitli xəstələrdə demək olar ki, həmişə sidikdə leykositlərin miqdarı çox olur, sidikdə bakteriya tapılır. Bir çox hallarda sistoskopiya müayinəsi aparılır.
Xroniki sistit zamanı sistoskopiya.
Sistoskopiya – yüksək dəqiqlikli görüntü verən kamera ilə təchiz olunmuş cihazla – sistoskopla aparılır. https://androloq.az/uslugi/sistoskopiya-nedir/ . Vena daxili keyitmə altında sidik kanalından sidik kisəyə girməklə sidik kisə divarlarının daxildən vizual müayinəsidir. Sistitin müxtəlif mərhələlərində, müxtəlif formalarında, yaxud sidik kisənin digər xəstəliklərində sistoskopik mənzərə fərqli olur. Bəzən sistoskopiya zamanı sidik kisə divarında kiçik yara – eroziyalar da aşkarlanır. Əgər bu yaralar sidik kisənin ön və yan divarlarında yerləşirsə böyük ehtimalla adi eroziv sistitdir, yaxud sidik kisə xərçənginin başlanğıc mərhələsidir. Əgər sidik axarları proyeksiyasındadırsa ehtimal var ki, xəstədə böyrək və sidik kisə vərəmidir. Bunları fərqləndirmək üçün yara nahiyyəsindən biopsiya ( kiçik hissə ) götürülür və histoloji müayinəyə göndərilir. Vərəmi inkar edən hal böyrəklərdə kasa – ləyən sistemində deformasoiyanın olmaması, sidikdə tuberkuloz törədicisinin olmamasıdır.
Sidik kisədə sistoskopiya zamanı leykoplagiya aşkarlanarsa o nahiyyənin TUR vaporizasiyası olunur. TUR – trans uretral, yəni sidik kanalından keçməklə deməkdir. TUR vaporizasiya leykoplagiya olan hissənin sidik kanalından keçməklə yandırılmasıdır. Leykoplagiya dedikdə sidik kisəni daxildən örtən selikli qişada xoşxassəli dəyişiklik, hissəvi olaraq səthi hüceyrələrin degenerasiyası ( sanki quruyaraq buynuz toxumaya çevrilməsi ) başa düşülür. Hərfi mənada tərcüməsi ” ağ ləkə ” deməkdir. Leykoplagiya haqqında aşağıda ətraflı məlumat verilmişdir.
Xroniki sistit zamanı əlamətlər, yaxud xəstənin şikayətləri. Uroginekoloq Ziyad Əliyev: xəstələrdən eşitdiklərim.
” Həkim, məndə xroniki sistit var, qarnımın aşağısında daima ağrı, sancı var, tez – tez sidiyə çıxıram, neçə ildir müalicə alıram yenə də tam sağalmıram . “
” Doğuşdan sonra mən tez – tez sidiyə çıxıram. Havalar isti olanda bir az yaxşılaşıram, oyuq olan kimi tez – tez sidiyə çıxmaq, gecələr sidiyə durmalar, sidiyə gedəndə yandırmalar başlayır, sidikdə qan olur. Son vaxtlar sidik qaçırmam da olur. Sidik kisəmin daxilinə də dərman yeridiblər xeyri yoxdur, homeopatik dərmanlarla da müalicə aldım heç bir köməyi dəymədi “
” Mənim dərdim xroniki sistitdir, bütün uroloqlarda, ginekoloqlarda olmuşam heç bir effekt yoxdur. Ginekoloq uroloqa göndərir, uroloq ginekoloqa” yazdıqları yalnız antibiotiklərdir, immuniteti gücləndirən dərmanlardır “
” Hər dəfə cinsi əlaqədən sonra məndə sidik ifrazı tez – tez olur, ağrılı olur, qarnımın aşağısında ağrı olur. uzun müddətdir hamilə qala da bilmirəm. Bir neçə gün antibiotik içirəm qismən yaxşılaşıram. Əgər cinsi əlaqədə olsam yenidən təkrarlanır. Ona görə də uzun müddətdir cinsi həyat yaşaya bilmirəm, qorxuram ki, səhəri gün narahatlığım yaranacaq “
Həkim uroginekoloq Ziyad Əliyev.
Bax bu cür şikayətləri mən öz pasientlərimdən demək olar ki, hər gün eşidirəm. Onların haqlı olaraq narazı olduqlarını da qəbul edirəm. Əgər bizim hər birimiz onların yerində olsaq, onlara yazılan reseptləri qəbul etsək biz də narazı olarıq.
Bəli, bu xəstələrin əsas şikayətləri tez – tez, ağrılı, yandırma ilə olan sidik ifrazı, sidik kisə boş olduğu halda sidik ifrazına çağırışlar, sidikdə qan olması, sidiyin bulanıqlığı, və.s. Ağrı ola bilər ki, sidik ifrazının əvvəlində, axırında, yaxud bütün sidik ifrazı boyunca olsun. Qan adətən sidik ifrazının axırında olur. Xəstəliyin kəskin mərhələsində bədən hərarəti yüksəlir, ümumi halsızlıq, xəstədə sidiyə gedə bilməmək ola bilir. Belə olduğu halda müalicə yataq şəraitində stasionarda aparılmalıdır.
Xroniki sistit hansı səbəblərdən yaranır?
Sistitin birinci səbəbi infeksiya mənbəyinin olmasıdır. Bu ola bilər sidik kanalı, hara ki, uşaqlıq yolu ( vagina ) çox yaxındır. Xüsusən də sidik kanalı qeyri – tipik, dərində yerləşdikdə. Belə qadınlarda hər dəfə cinsi əlaqədən sonra sistit kəskinləşir. Həmçinin böyrəkdən sisik kisəsinə infeksiyanın yayılması mümkümdür, o halda ki, böyrəkdə daş var, hidronefroz var. Həmçinin sidik kisənin özündə daş olduqda, sidik kisə divarında divertikul ( yırtığabənzər qabarmalar ) olduqda da bu mümükndür. Belə ki, həm daşın özündə həm divertikulda həm də hidronefroz zamanı böyrəkdə sidiyin ləngiməsi olduğu üçün, orada bakteriyalar asanlıqla artır çoxalır, daimi infeksiya mənbəyi rolunu oynaya bilər. Buradan da sənin üçün sistit hazırdır. Heç soyuqdəyməyə də ehtiyac yoxdur.
İkinci əsas səbəb kimi sidik kisəsi selikli qişasının bakteriyalara dözümlülüyünün olmamasıdır. Sanki sidik kisənin özünün immuniteti zəifləyir, selikli qişası nazikləşir. Burada söhbət ümumi orqanizmin immunitetindən getmir. Bu hal ən çox rast gəlinir cinsi yolla yoluxa bilən müxtəlif viruslara yoluxan, hipoestrogenemiyalı ( cinsiyyət hormonları aşağı olan ), sidik kisə və sidik kanalında polip olan xəstələrdə.
Sidik kisəsinin leykoplagiyası. Həqiqi leykoplagiya çox nadir xəstəlikdir və sidik kisənin xərçəng önü xəstəliyi kimi qəbul olunur. Bizim söz açdığımız leykoplagiya isə sırf histoloji olaraq müəyyən edilən metoplaziyadır. Yəni, sidik kisəni daxildən örtən epiteli təbəqəsinin uzunmüddətli iltihabdan sonrakı xoşxassəli dəyişikliyidir. Bir çox hallarda sidik ifrazında dəyişikliklərlə özünü göstərir. Məhz ona görə də bu xəstələr xroniki sistit adı altında müalicə alırlar.
Bir daha xroniki sistit nədir sualına qayıdaq.
“Xroniki sistit” adı aldında uzun müddətdir müalicə olunan pasientlərin əksəriyyəti demək olar ki, antibiotiklərin çoxunu yaxşı tanıyır, hətta o qədər öyrəşib ki, həkim təyinatı olmadan özünü narahat hiss etdikdə aptekdən alır və müvəqqəti sağalır. Hələ deyir ki , doktor, göbələk əleyhinə dərman da alıram hər dəfə. Belə pasientlərlə söhbət edəndə görürsən ki, artıq heç bir həkimə heç bir dərmana inamı qalmayıb. İnanmır ki, onu müalicə etmək mümkündür. Bəli,bütün günahlar qeyri – düzgün diaqnozdadır. Bir düşünək, əgər biz müalicə etmək istədiyimiz xəstəliyi xroniki adlandırırıqsa, belə çıxır ki, biz onu xroniki, yəni daima müalicə etməliyik. Məsələn, xəstə sidik analizi verib, bakteriyalar, iltihabı əlamətlər aşkarlanıb. Bakeriyaların antibiotikə yüksək həssaslığı da olub. Bəs niyə müalicə olunub qurtaran kimi əlamətlər yenidən təkrarlansın ? Nəyə görə bir az soyuq olan kimi, yaxud azacıq duzlu, turşulu yemək yedikdə, alkoqollu içdikdə əlamət yenidən yaransın ki ?
Cavab çox sadədir, xroniki sistiti müalicə etmək istəyiriksə xroniki sistitin yaranmasına şərait yaradan faktorları ləğv etməliyik. Biz sistitin törədicisini tapıb düzgün müalicə yazsaq, sistit sağalacaq. Lakin o törədicinin ora düşməsinə şərait yaradan faktoru ləğv etməsək sistit daima təkrarlanacaq. Bir misal çəkim. Qadınlarda cinsi əlaqədən sonra sistit əlamətləri çox tez – tez rast gəlinir. Əgər biz olnara müalicə yazsaq sağalacaq. Lakin yenidən cinsi əlaqədə olduqda o əlamət təkrarlana bilər. Bunun üçün xəstənin cinsiyyət orqanlarına baxış keçirib, hər hansı bir anomaliya, inkişaf qüsurunun olması inkar edilməlidir. Əgər uretra ( sidik kanalı ) qısadırsa, distal yerləşirsə bunları antibiotiklə müalicə etmək faydasızdır. Belə xəstələr əməliyyat olunaraq uretra transpozisiya edilməlidir. Yəni sidik kanalı dərindən daha səthə çıxarılmalıdır ki, cinsi əlaqə zamanı uşaqlıq yolu möhtəviyyatı sidik kanalına keçə bilməsin.
Əməliyyat spinal keyitmə altında aparılır və təqribən bir saat çəkir. Uğurlu nəticəni görmək üçün bir ay səbirli olub cinsi əlaqədə olmamaq məsləhətdir.
Bəzən bir az diqqətli olsaq problem, səthdə, göz qabağında imiş.
Uroginekoloq Ziyad Əliyev: Xroniki sistiti olan xəstə ilə real söhbət.
– salam həkim.
– salam, buyurun əyləşin.
– sizi nə narahat edir ?
– xroniki sistit, xəstə cavab verir.
– sizi necə narahat edir, nə şikayətiniz var ?
– xəstə başladı şikayətlərini sadalamağa. Bu şikayətləri verə bilən o qədər xəstəlik var ki, sistit bunların yanında dəryada bir damla kimidir.
– nə qədər vaxtdır özünüzü xəstə hesab edirsiz ?
– bir neçə il əvvəl soyuqlamışdım, sistit olmuşdum. 5NOK içdim əlamətlər keçdi, amma sanki nəsə qaldı, tam sağalmadım. O vaxtdan vaxtaşırı olaraq qarnımın aşağısında ağrı, diskomfort var, azacıq soyuq dəyən kimi tualetdən çıxmıram. Tez – tez sidik analizi verirəm, hərdən bağırsaq çöpləri tapılır hərdən yox. Bütün antibiotikləri sınamışam, köməyi dəyir amma müvəqqəti.
-xəstənin köhnə analizlərinəə baxıram. Nə vaxtsa ureaplazma və xlamidiya aşkarlanıb, lakin vaxtında effektiv müalicə olunub, analizlər təmizdir.
Xəstəyə ginekoloji kresloda da baxdım. Hər şey qaydasındadır, uretra normal yerləşib, parauretral vəzilər ağrısızdır.
USM – də böyrəklər, sidik kisə normaldır. Daş, şiş, kista yox, sidik kisə boynunda cüzi qalınlaşma müəyyən edilir.
– Sistoskopiya edib sidik kisənizin daxilinə baxmayıblar ?
– Xeyir doktor, onu istəmirəm. Deyirlər yaman ağrılıdır.
– Sistoskopiya mütləq olunmalıdır dedim və mən sizə söz verirəm ki, ağrısız olacaq. Çünki, siz yatacaqsız.
– Razılaşdıq, bir neçə gündən sonra sistoskopiya və biopsiya planlaşdırdıq.
– Sistoskopiyada nə görsək yaxşıdır ? sidik kisə boynunda böyük leykoplagiya sahəsi və sidik kanalında bir neçə kiçik polip.
” Baxmağı və görməyi bacarırsansa hərdən adi gözlə baxış ən müasir tomoqrafın görmədiyini görür ”
professor Vaynberq. Z. S
Xəsə ilə söhbətimiz davam edir
– xroniki sistit
Deməli bizim pasientimizin narahatlığına səbəb sidik kisənin leykoplagiyasıdır. Böyük ehtimalla nə vaxtsa onda ureaplazma və xlamidioz olduqda kəskin sistit keçirib, bundan sonra leykoplagiya yaranıb. Yuxarıda qeyd olunduğu kimi leykoplagiya dedikdə sidik kisəni daxildən örtən epiteli təbəqəsinin buynuzlaşan epiteli ilə əvəz olunması başa düşülür.
Bəs nəyə görə epiteli toxumasının başqa bir epiteli ilə əvəz olunması xəstəyə bu qədər əziyyət verir ? Məlum olmuşdur ki, sidik kisəni normada daxildən örtən epiteli qatı xüsusi maddələr ( qlikozaminqlikanlar ) hazırlayaraq sidik kisənin divarlarını sidiyin yandırıcı təsirindən qoruyur. Bildiyimiz kimi sidik çox zəhərli, toksiki maddədir. Əgər insanın əli bir gün sidikdə qalarsa dərisini sidik yandırar və yara əmələ gətirir. Amma sidik kisədə insanın ömrü boyu sidik olmasına baxmayaraq sidik onun divarlarını yandırmıır. Bunun sirri məhz o maddələrdir, hansı ki, sidik kisəni normada daxildən örtən epiteli hüceyrələri tərəfindən hazırlanır. Bunlar qlikozaminqlikanlardır. Leykoplagiya olan sahədə normal epiteli buynuz epiteli ilə əvəz olunduğu üçün orada qlikozaminqlikanlar hazırlanmır. Ona görə də o nahiyyədə qoruyucu təbəqə olmur və sidik oranı qıcıqlandırır, yandırır. Nəticədə isə xəstənin qarnının aşağısında daimi diskomfort, ağrılar, yandırma, tez – tez sidik ifrazı və.s yaranır. Sidiyin uzunmüddətli yandırıcı təsiri sidik kisənin divarının daha dərin təbəqələrinə, sinir ucluqlarına təsir edir.
Müxtəlif mənbələrin məlumatlarına görə belə şikayətlərlə müraciət edən xəstələrin 60 – 65 % – də sistoskopiya zamanı leykoplagiya aşkarlanır.
Bəs xəstəmizin diaqnozu nə oldu ?
Xəstəmizin diaqnozu xroniki sistit yox, sidik kisəsinin leykoplagiyasıdır. Sizcə xəstəmizin tam müalicə olunma şansı var ? – əlbəttə ki, var. Bəli, biz xəstəliyin əsas səbəbini müəyyən edib onu ləğv etdikdən sonra xəstə tamamilə sağalır.
Yuxarıda qey edildiyi kimi, əgər biz xəstəliyi xroniki sistit kimi qəbul etsək, onu heç vaxt sağalda bilmərik. Ona görə də mən heç kimə məsləhət görmürəm ki, sistiti özü müalicə etsin, yaxud qeyri – peşəkara etibar etsin.
Hətta belə bir fikir də var. O həkimlər ki, xəstəyə xroniki sistit diaqnozu qoyurlar, onlar xəstəliyin əsil səbəbini tapa bilməyiblər.
İndi isə gəlin baxaq bizim xəstəmizin aqibəti necə oldu ?
– Mən sizə təklif edirəm ki, sizi əməliyat edim həm polipləri götürək, həm də leykoplagiyanı ləğv edək.
– Əməliyyat ?, Kəsəcəksiz ?
– Xeyir, əməliyyat kəsiksiz aparılır. Xüsusi kamera ilə təchiz olunmuş alətlə sidik kanalından keçməklə sidik kisəyə daxil oluruq. Sidik kisə divarlarını gözlə müayinə edirik, şübhəli qaldığımız hissələrdən biopsiya ( kiçik hissə ) götürürük ki, müayinəyə göndərək. Butun əməliyyatın video görüntüsünü ( diskdə ) sizə təqdim edəcəyik.
– Xəstəxanada çox qalacam ? ağrılı olacaq ?
– Ağrısız olacaq. Sizin istəyinizə uyğun sizi yatızdıra da bilərik yaxud beldən aşağı hissəni keyidməklə ( spinal narkoz ) edə bilərik. Növbəti gün sizi evə buraxarıq, o biri gün də işə çıxa bilərsiz.
– Xəstə mənim dediklərimi qəbul etdi və hər şey planlaşdırdığımız kimi oldu.
Artıq iki il keçib, o xəstə sistit ağrılarını da unudub, ondan sonra hamilə qalıb, uşaq da doğub.
Əziz pasientlər, əgər sistit sizin həyatınızı çətinləşdirirsə, hər dəfə antibiotiklər qəbul etmək məcburiyyətində qalırsınızsa qəbula yazılın. Sistitlərin müalicəsində böyük təcrübəmə söykənərək sizi əmin edirəm ki, xroniki sistit tam sağalan xəstəlikdir.
Qadın uroloji sisteminə aid bütün digər xəstəliklərlə əlaqədar aşağıdakı linkdə ətraflı məlumat ala bilərsiniz.
http://androloq.az/uslugi/sidik-saxlamazliq-stres-sidik-saxlamazliq-sidik-qacirtma/
http://androloq.az/uslugi/sidik-qacirtma-sidik-saxlamazliq-sidik-buraxma-hiperaktiv-sidik-kisesi/
Uroginekoloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.