Böyrək sancısı nədir ?
Sidiyin böyrəkdən sidik axarı ilə fasiləsiz şəkildə sidik kisəsinə axmasının hər hansı bir səbəbdən pozulması nəticəsində böyrək ləyəninin genişlənməsindən yaranan ağrıdır. Belə ki, əgər sidik axarı daşla tutularsa, böyrəkdəki sidik sidik kisəyə axa bilmir və böyrək ləyənini genişləndirir. Böyrək sancısının əsas səbəbi də məhz bu genişlənmədir. Böyrək sancısının ən çox müşahidə olunan səbəbi böyrək ləyəni daşları və sidik axarı daşlarıdır. Ona görə də xəstədə böyrək sancısının olması həkimi vadar edir ki, sidik daşı xəstəliyinin olması barədə düşünsün. Baxmayaraq ki, sidik axarı keçiriciliyinin kəskin pozulması ilə müşahidə olunan bir sıra digər hallarda da böyrək sancısı yarana bilər.
Böyrək sancısı aşağıdakı səbəblərdən yarana bilər
Qan laxtası, irin, selik yığıntısı, böyrək vərəmində kazeoz kütlə ( vərəm zamanı böyrək toxumasının dağılması, destruksiyası ilə əlaqədar yaranan kütlə ) ilə sidik axarının mənfəzi tutularsa. Həmçinin, şiş xəstələrində dağılma mərhələsində olan şişin hissələri, kistanın divarından qopan hissələr sidik axarı mənfəzini tuta və böyrək sancısı verə bilər. Sidik axarının nəzərəçarpacaq qatlanması ( əyilməsi ) ilə müşahidə olunan böyrək sallanması, xaricdən şiş toxuması yaxud böyümüş limfa düyününün sidik axarını saxması və keçiriciliyinin pozulması nəticəsində də böyrək sancısı müşahidə edilə bilər. Travma nəticəsində böyrək kapsulası altında hematomanın yaranması, böyrək venasının trombozu ilə əlaqədar böyrəkdən gedən venoz qanın lənginməsi nəticəsində də böyrək sancısı ola bilər.
Böyrək sancısı necə yaranır ?
Sidik axarı mənfəzinə düşən hər hansı bir maneənin təsiri nəticəsində sidiyin böyrək ləyənindən sidik axarı vasitəsilə sidik kisəsinə boşalması pozulur. Böyrəkdə isə sidyin əmələgəlmə prosesi davam etdiyi üçün, əmələ gələn sidik, sidik axarı vasitəsilə sidik kisəsinə axa bilmir. Ona görə də sidik axarının maneədən yuxarı hissəsində yığılaraq həm sidik axarını, həm də böyrək ləyənini və kasacıqlarını genişləndirir. Nəticədə isə həm sidik axarı, böyrək ləyəni və kasacıqları sidiklə dolaraq gərginləşir. Bu isə şiddətli ağrıya səbəb olur.
Sidik axarı əzələvi orqandır. Mənfəzinə hər hansı maneə düşdükdə onu qıcıqlandırır. Bu qıcığın təsirindən o daha güclü yığılır ki, mənfəzindəki maneəni daha tez xaric etsin. Bu isə öz növbəsində sidik axarı mənfəzinin daha çox daralmasına və sidiyin axmasınan daha da çətinləşməsinə səbəb olur və ağrı güclənir. Sidik axarı spazmını azaltdıqda isə sidiyin sidik axarı divarı ilə onun mənfəzinə düşmüş maneənin arasından sızması mümkün olur və böyrəkdəki gərginlik azalır, nəticədə isə ağrı azalır.
Böyrək sancısı zamanı böyrəkdə genişlənmə.
Əgər sidik uzun müddət böyrək ləyənində və kasacıqlarda toplanaraq oranı gərginləşdirərsə nə olar ? Sidik axarının keçiriciliyi bərpa olunmazsa toplanmış sidiyin böyrək ləyənindən və kasacıqlardan geriyə, qana sorulma prosesi baş verir. Buna pielovenoz reflüks deyilir. Nəticədə böyrək qan dövranı pozulur, böyrəyin parenximası ( funksional toxuması – ətli hissəsi ) zədələnir, xəstədə ümumi intoksikasiya əlamətləri güclənir. Ümumi intoksikasiya əlamətləri dedikdə ümumi halsızlıq, iştahasızlıq, baş ağrısı, bədən temperaturunun yüksəlməsi, dərinin və selikli qişaların avazıması, təzyiqin düşməsi, ürəkbulanma, qusma, bəzən qıcolma şəklində də müşahidə olunur. Sidiyin axarı təmin olunmazsa, sidiyin qana sorulması nəticəsində böyrək parenximası zədələnir. Bildiyimiz kimi sidik çox toksiki, zəhərli maddədir, onun bu toksikliyinə, kimyəvi aşındırıcı, yandırıcı təsirinə insanın ömrü boyu yalnız sidik yollarını daxildən örtən uroteli adlanan toxuma dözür.
Digər toxumalar isə sidiyin təsirinə dözümsüzdür, onlara kimyəvi dağıdıcı təsir göstərir. Əgər insan əli bir gün ərzində sidikdə qalarsa dərisində yara əmələ gəlir.
Baxmayaraq ki, sidik özü böyrəkdə əmələ gəlir, böyrəkdəki sidiyin geriyə böyrəyə, böyrək damarlarına sorulması böyrək toxumasını qıcıqladırır və olan iltihabı prosesin kəskinləşməsinə yaxud yeni iltihabı prosesin yaranmasına səbəb olur. İltihabın nəticəsi olaraq böyrək toxuması ödemləşir ( şişir, həcmi artır ), nəticədə isə həm böyrək kapsulu gərginləşir həm də böyrək ləyəninə olan təzyiq artır. Beləliklə bir tərəfdən böyrək ləyənində olan təzyiq yüksələrək ləyəni və kasacıqları genişləndirir. Digər tərəfdən isə böyrək parenximasında yaranmış iltihabın təsirindən böyrək ləyəni sıxılır. Bunun nəticəsində də sidiyin böyrəkdən qana sorulması daha da artır, ağrı daha da güclənir, ağrının təsirindən ( qanda katexolaminlər – damardaraldıcı maddələr artır və təzyiq yüksəlir ) böyrək damarlarında da spazm yaranır və böyrək qan dövranı pozulur və.s ( qüsurlu dövran qapanır ).
Böyrək sancısında ağrının xarakteri nədən asılıdır ?
Böyrək sancısında ağrının lokalizasiyası ( yeri ) və irradiasiyası ( ötürüldüyü nahiyyə ) sidik axarının keçiriciliyinin pozulduğu səviyyədən asılıdır. Əgər daş böyrək ləyənində yaxud sidik axarının yuxarı 1/3 – də yerləşirsə ağrı yalnız böyrək nahiyyədə və qismən müvafiq tərəfin qabırğaaltı nahiyyəsində olacaq.
Daş yaxud digər maneə sidik axarının orta 1/3 – də yerləşirsə ağrı həm böyrəkdə, qismən qabırğaaltı nahiyyədə, sidik axarı böyunca qarının müvafiq tərəfində müşahidə və cinsiyyət orqanlarına ötürülür. Sidik axarının aşağı 1/3 – nin daşları qarının müvafiq tərəfində və qasıq hissədə, sidik kisə proyeksiyasında olur, budun icəri səthinə, müvafiq tərəf cinsiyyət orqanlarına irradiasiya edir. Sadalanan ağrılar sidik ifrazı ilə əlaqədardırsa, yaxud sidik ifrazı zamanı artırsa və kişilərdə cinsi orqanın başına, qadınlarda xarici cinsiyyət orqanlarına ötürülürsə böyük ehtimalla daş sidik axarının aşağı 1/3 də, daha doğrusu sidik axarının sidik kisəyə açılan hissəsindədir. Daş nə qədər aşağıda yerləşərsə sidik ifrazı ilə əlaqəli əlamətlər daha kəskin və qabarıq olar. ( Böyrək daşı – sidik axar daşı – böyrək sancısı )
Böyrək sancısı zamanı ağrının kəskinliyi sidik axarı mənfəzinin keçiriciliyinin nə drəcədə pozulmasından asılıdır. Böyrək sancısı həmişə kəskin başlayır və elə şiddətli olur ki hətta pasient ağrının intensivliyindən panikaya düşüb huşunu itirə də bilir. Adətən sancının şiddətindən xəstə bir yerdə qala bilmir, uzandığı yerdə qıvrılır, bükülür, gah ayağa qalxır gah uzanır və heç bir vəziyyətdə sakitləşmir. Sancının davametmə müddəti adətən 30 – 40 dəq ərzində olur və təqribən 30 – 40 dəq fasilələrlə yenidən təkrarlanır. Bu hal daha çox sidik axarına düşmüş daşın yaxud digər maneənin ( qan laxtası və.s ) miqrasiyası, yerdəyişməsilə əlaqədərdir. Bir sıra hallarda isə ağrı çox kiçik fasilələrlə bir neçə dəfə şiddətli təkrarlanır.
Daş sidik axarını tam tutarsa nə olar ?
Bəzən sidik axarının mənfəzini bir neçə konkrement ( daş və . s ) yaxud amorf duzlar tutur, belə halda isə daşlardan biri düşdükdə nisbətən yüngülləşmə olsa da yenidən təkrari sancı başlayır. Böyrək sancısı olan xəstələrdə çox tez – tez sidikdə qan aşkarlanır. Sidikdə qanla müraciət edən xəstələrin böyük əksəriyyətində də böyrək daşı aşkarlanır. Əgər sidikdə qanın olması böyrək sancısından sonraya təsadüf edirsə deməli böyük ehtimalla sancının səbəbi daşdır. Əksinə olaraq, sidikdə qan sancıdan əvvəl yaranıbsa böyük ehtimal var ki, böyrək sancısının səbəbi sidik axarının qan laxtası yaxud kazeoz kütlə ( böyrək vərəmi zamanı böyrək toxumasının dağılması, destruksiyası zamanı yaranan kütlə ) tutulmasıdır. Belə hallar daha çox dağılma mərhələsidə olan böyrək şişləri və böyrək vərəmi zamanı rast gəlinir.
Böyrək sancısı yuxarıda sadalanan xarakter əlamətlərinə görə qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəliklərindən fərqlənir. Bəzən ağrı daha şiddətli olduqda xəstədə həzm sistemi şikayətləri yaranır, bunlara ürəkbulanma, qusma, qəbizlik, bağırsaq keçməməzliyi əlamətləri və . s . aiddir.
Bir sıra hallarda, daş sidik axarının aşağı 1/3 – də olduqda xəstədə tez – tez nəcis ifrazına çağırışlar olur. Lakin xəstədən, yaxud yaxınlarından ağrının xarakteri ilə bağı soruşduqda məlum olursa ki, ağrı qəfildən yaranıb, xəstənin vəziyyətinin dəyişməsilə ağrının intensivliyində ciddi bir fərq yoxdur, yaxud ağrı qəfildən yox olursa deməli daha çox böyrək sancısından şübhələnmək lazımdır. Ağrının bu xarakteri sidik axarına düşmüş daşın yerdəyişməsi və bununla da sidiyin böyrəkdən sidik axarına axmasının müvəqqəti təmin olunması ilə əlaqədardır. Böyrək sancısı adi sakit vəziyyətdə olduqda da yarana bilər. Lakin əksər hallarda böyrək sancısı kəskin hərəkətlərdən, fiziki işdən, hoppanma, tullanmadan sonra, qaçmaqdan, kələ – kötür yolda hərəkət etməkdən, silkələnmədən və . s sonra yaranır.
Böyrək sancısı zamanı xəstənin müayinəsi.
Sorğu məlumatları.
Böyrək sancısı diaqnozunun dəqiqləşməsində xəstədən soruşulan anamnez məlumatlarının böyük əhəmiyyəti vardır.
- Aydınlaşdırmaq lazımdır əvvəllər belə sancılar olub ya yox
- Sidik daşı ilə əlaqədar heç müayinə olunub ya yox
- Daş düşürtmə halları ( spontan – öz-özünə ) olub ya yox
- Ailə üzvlərində böyrək daşı xəstəliyinin yaxud böyrək sancısının olması
- Böyrək yaxud sidik yoları xəstəliklərindən müalicə alıbmı
- Böyrək nahiyyəsindən travma alıb ya yox
Adətən böyrək sancısı olan pasientlərdə ilk olaraq döyəcləmə ( Pasternatski ) simptomu yoxlanılır. Xəstə ayaqüstü yaxud oturaq vəziyyətdə arxası həkimə tərəf durmaqla həkim ağrı olan tərəfə yumruğunun kənarı ilə mülayim dərəcədə ( ehmalca ) döyəcləyir. Bu zaman kəskin ağrının olması və sancının yaranması xəstədə böyrək sancısı olması barədə düşünməyə əsas verir. Lakin müasir zamanda təkcə döyəcləmə simptomunun müsbət olmasına görə xəstədə böyrək sancısı olduğunu demək düzgün olmaz. Çünki bizim imkanlarımız daxilində ən azından sidiyin ümumi analizi və usm müayinəsi olunmalıdır. Yalnız bundan sonra daş müəyyən olunarsa lazımi müalicə təyin olunmalıdır.
Böyrək sancısı zamanı KT və USM
Əgər sidik analizinə və usm nəticəsinə əsasən daşa şübhə olmasına baxmayaraq, daş və onun yeləşdiyi nahiyyə müəyyən olunmursa bizim köməyimizə KT ( kompuer tomoqrafiya ) gəlir. KT müayinədə biz nəinki daşın özünü görə bilirik, hətta onun ölçüsünü, formasını, sıxlığını və bunlara əsasən də daha optimal müalicə metodunu seçə bilirik. Şəkildəki KT müayinənin nəticəsində hər iki böyrəkdə ( 1 ) və sağ sidik axarında ( 2 ) daş olduğu göstərilmişdir.
Sidiyin ümumi analizində daşla əlaqədar olan böyrək sancısı üçün daha çox xarakter hesab olunan sidikdə dəyişilmiş və dəyişilməmiş eritrositlərin olmasıdır. USM – də əksər hallarda daşı müəyyən etmək olr. O hallarda ki, USM – də daşı təyin etmək olmur yaxud daş olub olmamasına şübhə olduqda KT müayinəsi edirik. Əgər KT müayinədə də daş müəyyən ounmursa böyrək sancısını verə bilən digər səbəblər araşdırılır. Belə olduqda müxtəlif kombinasiyada digər müayinə metodları aparılır, zərurət olduqda ekskretor uroqrafiya yaxud MRT ( maqnit rezonans tomoqrafiya ) müayinəsi edilir. Böyrək sancısını aşağıdakı xəstəliklərdən fərqləndirmək lazımdır. Appendisit, öd daşı xəstəliyi, boru hamiləliyi, yumurtalıq kistasının burulması, boğulmuş yırtıq, bəzən də pankreatit və 12 – barmaq bağırsaq xoraları ilə fərqləndirmək lazım gəlir.
Böyrək sancısı müalicə
Böyrək sancısı olan xəstə mütləq hospitalizasiya edilməlidir. Sancının səbəbi dəqiqləşdirilməli və adekvat müalicə təyin olunmalıdır. Sancının səbəbi dəqiqləşdirilənə qədər əsasən ağrıkəsicilərdən istifadə olunur.
Əgər dəqiqləşdirilsə ki, sancının səbəbi daşdır, müalicəni isti proseduralardan başlamaq lazımdır, isti vanna, qrelka. İsti vannada uzandıqda yaxud 25 – 30 dəq qrelka qoyduqda böyrək nahiyyəsinə, bədən ümumilikdə rahatlanır. İstidən dəri və dərialtı damarlar genişlənir, hətta böyrək qan dövranı artır, sidik axarları genişlənir. İsti proseduralarla yanaşı sidik axarlarının əzələlərinin tonusunun azalmasını, boşalmasını, genişlənməsini təmin edən və iltihab əleyhinə dərman preparatlarından istifadə etmək lazımdır. Əgər sancı kəsilməsə mütləq sidik axarına stent qoyulmalıdır ki, böyrəkdəki sidik, sidik kisəsinə rahat boşalsın və bir neçə gündən sonra endoskopik yolla ( çox yüksək dəqiqlikli görüntü verən kamera ilə təchiz olunmuş endoskopla sidik kanalından keçməklə ) daş parçalanıb çıxarılmalıdır.
Sidik daşı xəstəliyinin müalicəsi demək olar ki, bütün hallarda endoskopik üsularla aparılır. Sidik kisə və sidik axarı daşları sidik kanalından keçməklə parçalanır , böyrək daşları isə bel nahiyyəsində 1sm – lik dəlikdən keçməklə.
Hörmətli pasient, sidik daşı ( böyrək daşı xəstəliyi ) haqqında ətraflı məlumatı aşağıdakı linkdə oxuya bilərsiniz.
https://androloq.az/uslugi/boyrek-dasi/
https://androloq.az/uslugi/boyrek-dasi-lazerle-parcalanmasi/
https://androloq.az/uslugi/boyrek-sancisi/
Uroloq, androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.