Sidik kisənin daşı. Sidik kisədə daş.
Sidik kisənin daşı, sidik daşı xəstəliyinin bir formasıdır. Onlar sidik kisədə əmələ gələ bilir, həmçinin böyrəkdən və sidik axarından da düşə bilir. Əsasən kişilərdə rast gəlinir, lakin az hallarda qadınlarda da rast gəlinir.
Sidik kisənin daşı yaxud sidik kisədə daş. Əlamətləri
10 ildən artıqdır ki, mən həkim uroloq olaraq sidik daşı xəstəliyinin müalicəi ilə məşğul oluram. Bütün bu müddət ərzində çox müxtəlif əlamətlərlə müşahidə olunan daşlar gördüm. Bəzən bir neçə mm ölçüsü olan çox kiçik bir daş şiddətli ağrı və sancı ilə müşahidə olunduğu halda, böyük ölçüdə olan daş heç bir şikayət, ağrı vermədən təsadüfi müayinə zamanı USM ( uzi ) – də aşkarlanır. Bütün digər hallarda isə sidik kisə daşları aşağıdakı əlamətlərlə müşahidə edilir.
Qarının aşağısında vaxtaşırı olaraq kəskinləşən, daimi xarakterli küt ağrıların olması. Sidik kisə tez – tez iltihablaşır, sistit xarakterli əlamətlər yaranır.
Sidik ifrazının ağrı, yandırma ilə olması
Sidik şırnağının anidən kəsilməsi, qırıq – qırıq sidik ifrazı
Tez – tez sidik ifrazı, baxmayaraq ki, hə dəfə az sidik xaric olur.
Gecələr tez – tez sidik ifrazına durmaq
Sidikdə qan olması.
Xəstənin sözləri ilə desək : – doktor, gecə tez – tez sidiyə dururam, hər dəfə cüzi sidik gəlir, sidik ifrazının ortasında anidən sidiyin qabağı kəsilir ( tutulur ), sonra yenə açılır. Bildiyimiz kimi sidik kisə boynu qıf şəklindədir. Müxtəlif hərəkətlər, həmçinin də sidik ifrazı zamanı, daş kanalın mənfəzinə doğru yerdəyişir və ani olaraq sidiyin şırnağı kəsilir. Bəzən isə daş sidik kanalı mənfəzini tam tutur və sidik ifrazı yarıda kəsilir və sonra mümküm olmur. Buna kəskin sidik ləngiməsi deyilir. Kəskin sidik ləngiməsi təcili müdaxilə tələb edən haldır. Əgər sidik kanalına kateter qoymaqla sidiyi boşaltmaq mümkündürsə kateter qoyulur, sonradan planlı əməliyyat olunub daş xaric edilir. Əgər bu mümkün deyilsə, təcili olaraq sidik kanalından keçməklə endoskopik əməliyyat aparılır və daş parçalanaraq xaric edilir.
Sidik kisənin daşı – səbəbləri.
Sidik kisə daşı əmələ gəlməsinin ən çox rast gəlinən səbəbi böyrəkdən və sidik axarından kisəyə düşən daşlar, həmçinin sidik ifrazının pozulasına gətirib çıxardan xəstəliklərdir. Bunlardan ən çox rast gəlinən prostat vəzin adenoması ( prostat vəzin xoşxassəli böyüməsi) və sidik kanalının daralmasıdır ( sidik kanalının strikturası). Əgər sidik kisəsəində daşla əlaqədar müraciət edən ( yaxud müayinə zmanı sidik kisəsində daş aşkarlanan ) xəstənin yaşı 40 – dan yuxarıdırsa, ən çox ehtimal olunan səbəb prostat vəzin adenomasıdır. Əgər xəstənin yaşı 40 – a qədərdirsə ehtimal edilən səbəb sidik kanalının daralması, yüksək sidik kisə boynu yaxud arxa uretral klapanın olması, neyrogen ( atonik sidik kisə) sidik kisədir.
Böyrəkdən düşmüş daş.
Bir sıra hallarda sidik axarının daşları sidik kisəyə düşdükdən sonra sidikə xaric ola bilmir və sidik kisədə böyüyərək böyük ölçüyə çatır.
Prostat vəzinin adenoması ( https://androloq.az/uslugi/prostat-vezin-adenomasi/ ) :
Yaşla əlaqədar olaraq prostat vəzi böyüdükdə sidik kanalının prostat vəzidən keçən hissəsi daralır, uzanır və sidik ifrazı çətinləşir. ( Ətraflı məlumat üçün yuxarıda verilmiş linkə tıklaya bilərsiniz ). Belə hallarda sidik kisənin tam boşalması mümkün olmur. Yəni sidik ifrazından sonra sidik kisədə sidik qalır. Buna qalıq sidik deyilir ( https://androloq.az/uslugi/qaliq-sidik-nedir-sidik-kisesinin-tam-bosalmamasi/ ). Qalıq sidik uzun müddət aradan qaldırılmadıqda, yəni xəstə vaxtında həkimə müraciət etmədikdə sidiyin tərkibində olan müxtəlif duzların kristalları birləşərək daşın özəyini əmələ gətirir. Beləliklə bu kiçik kristallar böyüyərək bir neçə santimetirlik daşa çevrilir.
Sidik kanalının daralması.
https://androloq.az/uslugi/sidik-kanalinin-daralmasi/
Sidik kanalının daralması zamanı da eynilə prostat adenomasında olduğu kimi, sidik ifrazı pozulur, sidik şırnağı zəifləyir, sidik kisə tam boşala bilmədiyi üçün qalıq sidik əmələ gəlir. Beləliklə də sidik kisədə daş formalaşması üçün zəmin yaranır. Bu əsasən daha cavan yaşlarda ( 40 yaş və daha cavan ) sidik kisədə daş əmələgəlmənin əsas səbəbidir.
Arxa uretral klapan.
Arxa uretral klapan dedikdə sidik kanalı daxilində pərdə şəkilli natamam arakəskə başa düşülür. Arxa uretral klapan anadangəlmə olur və sidik ifrazına ciddi mane olur.
Sidik kisədə daş. Müayinə
Sidik kisədə daşın olmasını müəyyən etmək müasir dövrdə çətin deyildir. Sadə USM (uzi ) müayinəsi vasitəsilə sidik kisədə daş olub olmamasınıtəyin etmək mümkündür. Bunun üçün xəstə usm müayinəsinə gələrkən sidik kisə dolu olmalıdır. Sidik kisə dolu olduğu halda onun mənfəzi aydın görünür. Əgər sidik kisə boş olarsa, usm müayinədə sidik kisə boşluqlu bir orqan kimi görünmür və müvafiq olaraq daşın təyin olunması da çətinləşir. Məhz ona görə də, sidik kisə və prostat vəzin müayinəsi üçün USM ( uzi ) müayinəyə gələrkən, xəstələrə sidik kisə dolu vəziyyətdə olmaları tövsiyyə olunur.
Sidik kisənin daşı – müalicəsi.
Əgər sidik kisə daşı müəyyən olunubsa, bütün hallarda daş xaric edilməlidir. Bir neçə il əvvələ qədər ən kiçik ölçüdə daşları xaric etmək üçün açıq əməliyyat icra olunmalı idi. Əməliyyatlar tam qapalı üsulla, yəni sidik kanalından keçməklə aparılır. Yəni endoskopik yolla toz halına salınaraq orqanizmdən xaric edilir. Bütün hallarda həkim uroloqun əsəs işi və vəzifəsi təkcə sidik kisədəki daşın xaric edilməsi yox, eyni zamanda daşın əmələ gəlmə səbəbini aradan qaldırmaqdır. Əgər səbəb prostat adenomasıdırsa, daşı xaric etməklə yanaşı prostat adenoması da ləgv olunmalıdır. Sidik kanalında daralmadırsa daralma aradan qaldırılmalıdır. Yalnız bu halda həkim uroloq öz işini tam görmüş olar. Əgər daş sidik kisədən xaric edilib, daşın əmələ gəlmə səbəbi qalarsa təkrari daşyaranma ehtimalı çox yüksəkdir.
Yuxarıda qeyd olunduğu kimi əməliyyatlar tam qapalı üsulla aparılır, sidik kanalından keçməklə. Bunun üçün xüsusi alətlər vardır. Bu avadanlığın vasitəsilə sidik kanalından daxil olaraq sidik kanalı, sidik kisə, sidik axarları və hətta böyrək ləyəni və kasacıqlarının daxilinin vizual görüntüsünü ala bilirik. Ucluğu yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş bu alətlər kamera ilə birləşdirilərək görüntü ekrana ötürülür. Xəstənin istəyinə uyğun şəkildə onun əməliyyatı izləmək imkanı vardır.
Sidik kisədə daşın endoskopik yolla xaric edilməsi sistolitotripsiya adlanır. Demək olar ki, bütün hallarda sidik kisə daşları bu üsulla parçalanaraq toz halına salınır və yuyularaq sidik kisədən xaric olur. Sistolitotripsiya iki formada aparılır, birincisi sidik kanalından keçməklə – transuretral sistolitotripsiya adlanır. Digəri isə qarının ön divarından qasıqüstü nahiyyədə 1 sm ölçüdə dəlikdən sidik kisəyə daxil olmaqla aparılır. Buna perkutan sistolitotripsiya deyilir. Adeten 2 sm – dən böyük ölçüdə daşlarda perkutan metod daha üstün hesab olunur.
Çox az hallarda isə sidik kisə daşlarında açıq əməliyyata qərar verilir. Bu əməliyyat sistolitotomiya adlanır. Bu əməliyyata biz adeten o halda qərar veririk ki, xəstənin ümumi vəziyyəti uzun müddətli anesteziyaya imkan vermir, yaxud daş həddən artıq böyükdür, məsələn 5 – 6 sm. Belə hallarda 4 saat ərzində endoskopik əməliyyat aparmaqdansa 30 dəqiqəlik açıq əməliyyata üstünlük verilir. Açıq əməliyyat da qasıq üstü nahiyyədə 3 – 4 sm kəsikdən icra edilir.
Sidik kisə daşının profilaktikası.
Sidik kisə daşının əmələ gəlmə səbəblərini oxuduqda siz gördünüz ki, səbəbləri üç əsas qrupa bölmək olar.
- 1 – ci səviyyə sidik kisədən yuxarı səbəblər : yuxarıda böyrəklərdə olan daş sidik axarı vasitəsilə sidik kisəyə düşür, orada böyüyüb böyük ölçüyə çatır.
- 2 – ci səviyyə sidik kisənin özü ilə əlaqəlidir. Məsələn neyrogen sidik kisənin atonik yaxud hipotonik forması. Bu halda sidik kisə əzələlərinin və sinir təchizatının anadangəlmə, yaxud keçirilmiş onurğa və baş beyin xəstəlikləri, travmaları ilə əlaqədar olaraq zəifliyi nəticəsində normal yığıla bilmir. Ona görə də sidik kisə mənfəzində olan sidiy tamamilə xaricə çıxmır, sidik kisədə qalıq sidik qalır. Bu hal əsasən müxtəlif sinir xəstəlikləri olan insanlarda rast gəlinir.
- 3 – cü səbəb isə sidik kisədən aşağıdakı səbəblərdir : prostat vəzin adenoması, sidik kanalının daralması, sidik kanalı daxili klapanların olması, yüksək sidik kisəsi. Bunlardan ən çox aşkarlanan prostat vəzin adenoması və sidik kanalının daralmasıdır. Bunlardan başqa bir səbəb də var ki, yalnız qadınlarda rast gəlinir. Bu sidik kisə və ümumilikdə çanaq dibi orqanlarının sallanması. Sidik kisənin sallanması sistosele, düz bağırsağın sallanması rektosele adlanır. Sidik kisə sallanması bir sıra hallarda sidik saxlamazlıq şəklində təzahür etsə də, digər hallarda sidik sidik ifrazının çətinləşməsi ilə müşahidə edilir.
Səbəblərindən göründüyü kimi sidik kisə daşının müalicəsi təkcə daşın xaric edilməsi ilə bitmir. Daşı yaradan səbəb də aradan qaldırılmalıdır. Əgər bir dəfə sidik kisədən daş xaric edildisə, bu o deməkdir ki, təkrari daş əmələ gəlmə ehtimalı yüksəkdir, – əgər daşı əmələ gətirən səbəb aradan qalxmayıbsa.
Sidik kisənin daşı profilaktikası dedikdə daşı əmələ gətirən səbəblərin profilaktikası başa düşülür.
Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.